12:17
(077) 610-22-33

Deputat: “Azərbaycana qarşı işləyən qruplar var“

  • >
325 22 Yanvar 2014 12:34 | Cəmiyyət

“Biz cavablarını layiqincə veririk”




"Avropa İttifaqı ilə Azərbaycan ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. Ölkəmizin bu mötəbər qurumla əlaqələri dinamikdir və qarşlıqlı etimada söykənir".


AzNews.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin deputatı, Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Komitəsinin üzvü Fuad Muradov Azərbaycanla Avropa Birliyi arasında münasibətləri şərh edərkən bildirib.

Onun sözlərinə görə, 2006-cı ilin noyabrında prezident İlham Əliyev və Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozunun Brüsseldə imzaladığı "Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu" Azərbaycanla Aİ arasında enerji əməkdaşlığının strateji xarakterini rəsmiləşdirib və bu tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün əsas sahələri müəyyən edib.

F. Muradov qeyd edib ki, Avropa Birliyi ilə ötən il Vilnüsdə imzalanan viza rejiminin sadələşdirilməsi ilə bağlı sənəd strateji saziş layihəsi hesab oluna bilər:

"Ötən ilin dekabrında Bakıda imzalanan "Şahdəniz" layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişi isə Azərbaycanı və Xəzər dənizi regionunda qaz istehsalçılarını Avropa ilə birbaşa birləşdirən "Cənub qaz dəhlizi"ni açacaq və yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyini möhkəmləndirəcək".

Deputatın sözlərinə görə, prezident İlham Əliyev tərəfindən aparılan bu siyasətin əsas uğuru Azərbaycanın da daxil olduğu Avropanın enerji təhlükəsizliyini təmin edəcək məkanın formalaşmasındadır: "Avropada bu siyasətin miqyasını anlayırlar. Bununla yanaşı Avropa təşkilatlarında məsələlərə xüsusi yanaşma tərzinin mövcudluğu da faktdır. Həmin təşkilatlarda böyük ölkələrin öz maraqları var.

Biz bunları nəzərə alırıq. Bəzən hansısa bir dövlət Azərbaycana təzyiqlə bağlı müxtəlif səbəbləri göstərərək bu "sıxma"dan istifadə edir. Bəzən müəyyən beynəlxalq təşkilatda Azərbaycan əleyhinə sənəd qəbul olunur. Amma bu, o demək deyil ki, bu, bütövlükdə həmin təşkilatın özünün mövqeyidir".

F.Muradov vurğulayıb ki, beynəlxalq təşkilatlarda ölkəmizə qarşı işləyən qruplar mövcuddur:

"Bu,danılmaz faktdır. Ermənistan özünü diaspor şəbəkəsindən istifadə edərək buna əl atır. Öz hamilərinin dəstəyi ilə diaspra bəzən müəyyən anti-Azərbaycan işlərini apara bilirlər. Amma biz cavablarını da layiqincə veririk. Biz bunu nəzərə almaqla bərabər işimiz də davam etdirməliyik. "Şahdəniz-2" sazişi və rəsmi Bakının mövqeyi onu göstərir ki, biz əməkdaşlığa hazırıq. Ancaq biz "ikili standartlar" prinsipi ilə deyil, ədalətli yanaşma şərtləri altında əməkdaşlıq etməliyik. Biz bu istiqamətdə öz işimizi qurmuşuq".

AzNews.az
Bağla X