Banklar avtomobil kreditini niyə dondurdu?

Köhnə maşınların qiyməti qalxacaq...


Azərbaycanda problemli kreditlərinin sürətlə artması bank sektorunda müəyyən dəyişikliklərə gətirib çıxardır.

Bir müddət öncə Mərkəzi Bank bu səbəbləri əsas gətirərək arayışsız kredit verilişini qadağan edən qərar qəbul etdi. Bu dəfə isə daha bir yenilik baş verib. Ölkədə fəaliyyət göstərən banklar avtomobillәrin alınması üçün vətəndaşlara verilən kreditləri dondurub. Bir neçə banka müştəri kimi zəng edərək bu növ kreditləriin şərtləri ilə maraqlanmaq istədik. Əlaqə saxladığımız bütün banklar sözügedən kreditlərin qeyri-müəyyən müddətə kimi dondurulduğunu dedilər. Səbəb üçün heç bir əsas gətirə bilməyən bank işçiləri avtomobil kreditinin dayandırılmasının müvəqqəti olduğunu ehtimal edirlər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov isə Anspress-ə açıqlamasında bu növ kreditlərin dayandırılmasının bazara ciddi təsir edəcəyini deyir. Ekspertin fikrincə Azərbaycanda hər 10 maşından 6-sı bank kreditləri vasitəsi ilə alınır:

"Avtomobil kreditlərinin dondurulması birmənalı şəkildə bazara təsir edəcək. Bu gün xüsusilə də avtosalonlarda satılan avtomobillərin təxminən 60 %-i bank kreditləri vasitəsi ilə alınır. Sözügedən kreditlərin verilməsinin dayandırılması bazarda aktivliyin azalmasına gətirib çıxaracaq. Bu növ kreditlər əsasən bahalı, ili təzə avtomobillər üçün alındığından hesab edirəm ki, istehsal ili təzə olan avtomobillərə tələbat azalacaq. Bu isə onların qiymətinə ciddi təsir edəcək. Bu yenilik həm bankların, həm də avtosalonların fəaliyyətinə mənfi təsir edəcək".

Ekspert bildirir ki, yeni dəyişikliklərdən sonra bazarda ili təzə olan avtomobillərin qiyməti ucuzlaşacaq, ili köhnə olan maşınların qiyməti isə bahalaşacaq:

"Avro-4 standartlarının da aprel ayından tətbiq ediləcəyini nəzarə alsaq bu, sonda köhnə avtomobillərin qiymətində artıma gətirib çıxaracaq. Avtomobil almaq istəyən vətəndaşlar ödəniş qabiliyyətlərinin aşağı olması səbəbindən ili yeni olanlara deyil, ili köhnə olan avtomobilləri almağa məcbur olacaqlar. Nəticədə bazarda ili təzə olan avtomobillərin qiyməti ucuzlaşacaq, ili köhnə olan maşınların qiyməti isə bahalaşacaq".

Məsələ ilə bağlı açıqlama verən Mərkəzi Bankın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namiq Əliyev bildirdi ki, Mərkəzi Bank tərəfindən banklara rəsmi bir göstəriş olmayıb. N. Əliyev kreditlərin dayandırılmasının bankların daxili siyasəti olduğunu deyib:

"Mərkəzi Bank tərəfindən kommersiya banklarına avtomobil kreditlərinin dayandırılması ilə bağlı heç bir rəsmi göstəriş verilməyib. Bankların avtomobil kreditinin dayandırması onların apardığı daxili siyasətlə bağlıdır".

Bankların avtomobil kreditinin dondurması qərarının avtomobil bazarına nə kimi təsir göstərəcəyini isə zaman göstərəcək.

AzNews.az