19:17
(077) 610-22-33

Ramazan bayramı günləri əmək haqlarından çıxılacaq – Müəmma

  • >
5 892 17 Avqust 2012 19:02 | Cəmiyyət

Elan olunan bütün bayram günləri əmək haqlarından çıxılır



Təqvimimizdə bir-birindən gözəl, sayı da kifayət qədər çox olan bayramlarımız, qeyri-iş günlərimiz var. Bundan əvvəl bu günlər işləyən şəxslər sözün əsl mənasında bayram edirdi. Amma son vaxtlar bu bayramlar da maaşa baxan şəxslərin "cibinə" girir. Yəni bayramlarla əlaqədar günlərlə işə getməyəcəyəm deyib sevinməyə dəyməz. Çünki sən demə, qeyri– iş günlərində "bayram" eləmək vətəndaşın öz hesabınaymış.


Bəs əslində, Azərbaycan qanunvericiliyində qeyri-iş günlərinə görə işçilərə əməkhaqqının ödənilməsi hansı formada həyata keçirilməlidir? Bu günlərdə bəzi strukturlarda işçilərin əməkhaqqının qeyri-iş günlərinin çıxılması ilə hesablanması qanuna zidd deyilmi?

İlk növbədə bildirək ki, biz bu sahədə geniş araşdırma etdik.

Bir neçə dövlət qurumunda çalışan mühasiblərin AzNews.az-a verdiyi məlumata görə, həqiqətən də qeyri-iş günlərinin sayına görə vətəndaşların əməkhaqqısı azaldılır. Buna da səbəb həmin günlərdə işçilərin heç bir fəaliyyət göstərməməsi və bu fəaliyyətsizliyin məzuniyyət səbəbiylə olmamasıdır. Yəni bayram günlərində qeyri-iş günü elan olunursa, bu artıq maaşın çıxılması deməkdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətindən isə AzNews.az-a bildirilir ki, qeyri-iş günlərinin əmək haqqına salınıb-salınmaması strukturun işindən və işə götürənlə işə götürülən arasında bağlanan əmək müqaviləsindən asılıdır. Ancaq işə qəbul zamanı bu şərt gözlənilmədiyindən sonra bununla bağlı problemlər yarana bilir. Odur ki, əmək müqaviləsinin bağlanması vacib məqamdır. Nazirlikdən o da deyildi ki, əgər hansısa dövlət qurumunda və ya digər şirkətlərdə işçinin əmək hüquqları bu və ya digər şəkildə pozulduqda Nazirliyə müraciət edə, onlar da şikayəti araşdıra bilərlər.


Qeyd edək ki, bu hüquq pozuntusu deyil və bütün dövlət müəssisələrində bayram günləri iş günü kimi hesablanmadığından günlərə düşən məbləğ məvacibdən çıxılır.

Bəs qeyri-iş günlərinin əməkhaqqısının hesablanmaması dövlət büdcəsinə fayda vermək üçün iqtisadi fənd ola bilərmi? İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) İdarə Heyətinin sədri Qubad İbadoğlunun sözlərinə görə, bu, Əmək qanunvericiliyinə zidd olan bir məqamdır: "Bu kimi halların baş verməsi heç də doğru deyil. Çünki bu qeyri-iş günləri işləyən vətəndaşın tam istirahət haqqıdır. İşçi həmin günlərdə işləməsə belə, əməkhaqqısı tam təmin edilməlidir. Əmək məcəlləsində həmin günlərdə əməyin dəyərinin hesablanmamasına dair bir müddəa yoxdur".


Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı bu cür ödənilir:

- əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla, əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;

- aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla;

- əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilməlidir.


Onu da bildirək ki, Əmək qanunvericiliyini pozmağa görə inzibati məsuliyyət

Əmək qanunvericiliyini pozan işçi, işəgötürən və digər fiziki şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər.


Xatırladaq ki, qeyri-iş günü işləyən, lakin buna görə qanunda nəzərdə tutulmuş qaydada əməkhaqqı ala bilməyən şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinə müraciət edə bilər.


Onu da diqqətinizə çatdıraq ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti "2012-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" qərarına əsasən, 2012-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 19, 20 avqust Ramazan bayramı, 25, 26 oktyabr isə Qurban bayramı elan edilib. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.

Deməli, əziz oxucular, Ramazan bayramı kimi istirahət edəcəyiniz bu 2 gün sizin əmək haqqınızdan çıxılacaqdır. Xoş istirahətlər!


Sevinc Fədai

AzNews.az

Bağla X