Keçmiş müdafiə naziri: “Orduda da bəzi problemlər var...” - Müsahibə

Azərbaycanın keçmiş müdafiə naziri, general-mayor, Silahlı Qüvvələrin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri Dadaş Rzayevin AzNews.az-a müsahibəsi:


- Müdafiə nazirinin dəyişdirilməsinə baxmayaraq, gözləntilərin əksinə olaraq, orduda yenə də neqativ hallar, xüsusən də dinc şəraitdə əsgər ölümləri baş verir... Sizcə bu məsələləri yoluna qoymaq üçün hansı addımları atmaq lazımdır?


- Əsgər ölümü ilə bağlı Müdafiə Nazirliyində və ya komandirlərdə günah axtarmaq lazım deyil. Günahı cəmiyyətdə axtarmaq lazımdır. ABŞ ordusunun özündə hər gün əsgər ölümü baş verir. Yol statistikasını götürdükdə görmək olur ki, bu il təkcə Azərbaycanda neçə min insan yol qəzasında həlak olub.

Bunun üzərinə insanlar niyə ciddi şəkildə düşmürlər? Amma orduda birinin burnu qanayan kimi hər kəs bunun ciddiliyindən danışır və narahatçılıqla qarşılanır. Düzdü hər kəsin balası var. Heç kəs istəməz ki, balasını itirsin. Amma biz vətəndəyik və burada xidmət edirik. Heç kəs, heç nədən sığortalanmayıb.

Orduda da bəzi problemlər var və bu sahədə də islahatlar davam etdirilir. İnanıram ki, ölkəmiz nizam-intizamı ən güclü olan orduya malik olacaq.

- Bəs niyə cəmiyyəti günahlandırırsınız?


- Xalqın orduya bu cür münasibəti başa düşülən deyil. Burada təkcə xalq deyil, digər təbəqələrdə var. Nə üçün Azərbaycan xalqı, yerli kütləvi informasiya vasitələri, müxalifət belə münasibət bəsləyir, bilmirəm? KİV-lər orduya kömək etmək əvəzinə, o saat yazırlar ki, daha bir Azərbaycan əsgəri həlak oldu.

Məgər bu onların ordusu deyil? KİV-lərdə orduya münasibət çox pis səviyyədədir. Bir əsgərin burnu qanayan kimi götürüb yazırlar. Bunun nəticəsində cavanlar, valideynlər bunu oxuyur və onlarda orduya qarşı antipatiya yaranır. Bu cür məlumatları yazmaq və yaxud yaymaq olmaz. Mən 40 il Sovet ordusunda xidmət keçmişəm.

Dünyanın ən yaxşı ordusuna malik olan Sovet ordusunda da əsgər ölümləri var idi. Amma bir yerdə bu məsələ qaldırılmırdı. Biz orduda qulluq etmək üçün yaxşı şeyləri təbliğ etmək əvəzinə, başlayırıq əkstəbliğat aparmağa. Digər tərəfdən biz 20 ildən çoxdur ki, müharibə şəraitində yaşayırıq hələ ki, əsgər ölümü də ola bilər.

- Dadaş müəllim, etiraf edək ki, ordudakı neqativ hallar mətbuat səhifələrinə çıxandan sonra, bu sahəyə diqqət artırıldı və doğrudan da bir çox şəxslərin günahı isbatlandı, kimlərsə cəzalandı. Bu da bir çox səlahiyyətli səxsin işinə məsuliyyətlə yanaşmasına məcbur etdi. Siz peşəkar hərbçi kimi nə məsləhət görərdiniz, necə olmalıdır ki, həm orduya ictimai nəzarət olsun, həm də baş verən neqativ hallar orduya münasibəti pisləşdirməsin?


- Bunun həlli üçün bir çox addımlar atmaq olar. İlk öncə orduya psixoloji və fiziki hazırlıq məktəblərdən başlamalıdır. Niyə məktəblərdə hərbi dərslər keçirilmir? Niyə ehtiyatda olan və bununla bərabər müharibəni keçmiş zabit orta məktəblərdə dərs deyə bilmir? Hərbi kafedralar niyə ləğv olunubdur? Hər bir gəncin hərbindən xəbəri olmalıdır. 450 saatlıq hərbi vətənpərvərlik mövzusunda keçirilən dərslər niyə ləğv edilib? Burada çox məsələlər var...

Ümumilikdə, mən orduda gedən son islahatları müsbət qiymətləndirirəm. Allah müdafiə naziri Zakir Həsənova kömək etsin ki, bu islahatları sona qədər davam etdirə bilsin. Mənim yeni nazirdən gözləntim böyükdür.

Zakir Həsənovun böyük potensialı var. Cavandır və böyük biliyə malik olan bir insandır. Fikrimcə, yeni nazir orduya lazım olan bütün islahatları aparacaq və Azərbaycan ordusu dünyanın ən müasir silahlı qüvvələrinə çevriləcək.

- Silahlı Qüvvələrin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri kimi rəhbərlik etdiyiniz təşkilat hazırda hansı işlərlə məşğuldur?


-Azərbaycanda ehtiyatda olan zabitlər yetərincədir. Hazırda rəhbərlik etdiyim təşkilatın bütün rayonlarda filyalları var. Təşkilatın 21 idarə heyəti var. Hazırda biz də təşkilat olaraq nizamnamə əsasımıza uyğun işimizi görürük. Zabitlərimizin hüquqlarının qorunması, onların sosial vəziyyətinin normal olması və iş yerləri ilə təminatı üzərində işlər aparırıq.

Yuxarıda qeyd etdiyim kimi, Azərbaycanın bütün məktəblərində hərbi dərslər bərpa olunmalıdır. Burada ehtiyatda olan zabitlərimizə dərs demək şəraiti yaradılmalıdır. Bəzi məktəblərdə bu olmasına baxmayaraq, respublikanın əksər məktəblərində bu dərslər keçirilmir. İnanıram ki, ölkənin bütün orta məktəblərdə hərbi kafedralar yenidən bərpa olunacaq.

Amid Əyyuboğlu
AzNews.az