Gülər Əhmədova: “Hamı elə bildi, mən qatiləm“

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası günün ikinci yarısında davam etdirilib.

APA-nın məlumatına görə, hakim İlqar Murquzovun sədrlik etdiyi prosesdə vəkil Əfsər Talıbov Gülər Əhmədova barəsində cinayət işinə xitam verilməsi və ittiham hökmünün ləğv edilməsi barədə vəsatət qaldırıb.

Gülər Əhmədova Azərbaycan məhkəmələri, hüquq-mühafizə orqanları barəsində xoşagəlməz sözlərin deyilməsini istəmədiyini bildirib: "Prokuror da, məhkəmə də, ictimaiyyət də çox gözəl bilir ki, mən pul almamışam. Lakin həmin vaxt elə bir ajiotaj qalxdı ki, pul vermək məsələsi bir kənarda qaldı. Ayxan Məmmədov məndən iyirmi min manat borc almışdı. Düşdü ortaya ki, həmin pulu qaytarmasın. O elə bir oyun çıxardı ki, hamı elə bildi, mən qatiləm. Necə ola bilər ki, ali qurum olan məhkəmə əsli olmayan sənədi əsas götürüb mənim həbsimə qərar verir? Mən demirəm ki, mənə iş verməsinlər, eləsinlər, əgər hökm çıxarılmalıdırsa, çıxarılsın. Mən qorxmuram. Amma bütün bunlar qanunla olsun. Mən on iki il çıxış etmişəm ki, Azərbaycan məhkəmələri qanuni hökm çıxarır, qanunsuz heç nə yoxdur. Axı bu hökm qanunsuzdur. Mənim 12 illik fəaliyyətim heçə gedir axı. Hakimlər gəlib parlamentdə and içirlər, biz səs vermişik ki, bu adamlar qanunla fəaliyyət göstərirlər".

Ə. Talıbov Elşad Abdullayevin yaydığı videonun sübutlar siyahısından çıxarılması, Sevinc Babayevanın yazdığı mesajların sübutlar siyahına daxil olunması, əlavə şahidlərin dindirilməsi, Gülər Əhmədovanın istintaq zamanı verdiyi ifadənin tam mətninin elan olunması və sübutlar siyahısından çıxarılmasının müzakirə edilməsi, Elşad Abdullayevin gətirilərək ifadəsinin alınması barədə vəsatətlər qaldırıb.

G. Əhmədova daha sonra bunları deyib: " Hamı bilir ki, mən hansı fəaliyyətlə məşğulam. O vaxt dedim ki, imkan verin, gedim Fransada Elşad Abdullayevin məsələsini qaldırım. Onun üstündə bir neçə cinayət işi var. Demokratiyanın beşiyi olan Avropa bir cinayətkarı ölkəsində saxlamaz. Elşad Abdullayev, sən ömür boyu YAP-ın üzvü, imkanlı adam olmusan, indi necə oldu ki, siyasi mühacir oldun?"

Vəkil Ə. Talıbov isə Səlcuq Ağlayanın və Ayxan Məmmədovun Türkiyə məhkəməsində verdikləri ifadələrin sübutlar siyahısına daxil edilməsi, Sevinc Babayevanın Türkiyədə olarkən Azərbaycanın prokurorluq orqanlarına ünvanladığı müraciətin sübutlar siyahısına əlavə olunması barədə vəsatətlər verib.

Hakim vəsatətlərin çox olduğunu əsas gətirərək, prosesin sabaha kimi təxirə salındığını deyib.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Ötən il fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmündə onun ifadəsi özünü müdafiə kimi qiymətləndirilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

AzNews.az