Rasim Balayev: “O gündən İbrahimbəyovla heç bir əlaqəm olmayıb”


"Fevral ayında bu il istehsal olunacaq filmlərin adlarını açıqlayacaqlar. Onda bilinəcək ki, mənə iş verilib, ya yox. Hazırda heç bir yerdə çəkilmirəm, təqaüdçü babayam".


Bunu AzNews.az-a xalq artisti Rasim Balayev bildirib. Aktyor deyib ki, vaxtı ilə onun katib olduğu Azərbaycan Kinematoqrafiya İttifaqını bağlayandan sonra işsiz qalıb:

"Bizim Kinematoqrafiya İttifaqını Rüstəm İbrahimbəyova görə bağladılar. Qaldıq işsiz. Heç olmasa çəkilməsək də, bu sahədə işləyirdik. Onu da çox gördülər bizə. Sonra özləri üçün təzəsini açdılar".

R.Balayevin sözlərinə görə, Kinematoqrafiya İttifaqından istefa verən gündən bu günə kimi R.İbrahimbəyovla heç bir əlaqəsi olmayıb:

"Rüstəm müəllimlə heç bir əlaqəm yoxdur. Mən heç bir partiyanın, heç bir qurumun üzvü deyiləm. Olan da deyiləm, azad sənətkaram, vəssalam. O vaxtı Rüstəm müəllimin qurumundan istefa verdim. Daha heç bir ittifaqın üzvü olmaq istəmirəm".

Bahar Rüstəmli
AzNews.az