“Freedom House”un Azərbaycanda inqilab planı- AUDİO

Azərbaycanda hakimiyyət dəyişikliyini nəzərdə tutan söhbətin əks olunduğu audio yazı yayılıb.

APA-nın məlumatına görə, ABŞ fondlarından birinin əməkdaşı olduğu iddia edilən Yevgeni adlı şəxs (Soyadı və hansı fondda çalışdığı məlum deyil), Ukrayna Azərbaycanlılar Konqresinin İdarə Heyətinin üzvü Xaqani Hüseynov və Milli Şuranın üzvü, "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev arasındakı telefon söhbətindən aydın olur ki, X. Hüseynov M. Əliyevə Yevgenini təqdim edib və bildirib ki, onun müəyyən təklifi var.

Audioyazının stenoqramı bəzi ixtisarlarla belədir.

Yevgeni: Mən indicə Vilnüsdan qayıtmışam. Orada "Freedom House" təşkilatının Mərkəzi və Şərqi Avropa üzrə direktoru ilə görüşmüşəm. Maraq çox ciddidir, belə deyək, Azərbaycan Respublikası üzrə yardım olacağına dair təminat var. Cənubi Azərbaycan üzrə isə hələ düşünürlər, güman ki, müsbət cavab olacaq. Azərbaycan Respublikası ilə bağlı yardım uzunmüddətli olacaq. Onlar növbəti prezident seçkilərinədək işləmək niyyətindədirlər, yəni proqram 5 il üçün nəzərdə tutulur. Yanvarın 6-da Vilnüsdə "Freedom House" rəhbərliyinin iclası keçiriləcək. Orada yaxın bir il üçün proqram müzakirə olunacaq. Xaqani tərəfindən hazırlanan və onun iştirakı ilə Azərbaycan üzrə proqram 90 faiz təsdiq olunacaq. Əgər belədirsə, onda yanvarın sonunadək layihələri və konkret təklifləri hazırlamaq lazım olacaq. Yəni onlar tez işləyir. Əgər ayın 6-da onlar qərar qəbul edirsə, ayın 30-da artıq proqramın büdcəsini təsdiq etmək istəyirlər. Onlar insanların zərbə altına qoyulmaması, həbs edilməməsi üçün layihələrin bir hissəsini təhsil proqramı adı altında həyata keçirmək istəyirlər. Bizdə - Ukrayna ərazisində müxtəlif təlim seminarları, treninqlər, məktəblər təşkil etmək nəzərdə tutulur. Çünki bura giriş vizasızdır, dəhliz, logistikanı təşkil etmək asandır. Bu səfərlər elə təşkil olunacaq ki, guya insanlar işlərinin dalınca, dincəlməyə və digər məqsədlərlə gəlirlər. Burada isə artıq məktəbə toplaşacağıq, seminarlar təşkil edəcəyik.

Mehman Əliyev: Başa düşdüm, ancaq yenə söhbət etmək lazımdır.

Yevgeni: Bəli. Daha hansı layihələrin təklif olunacağını detallı şəkildə müzakirə etmək lazım olacaq. Hələlik siyasi baxımdan mənzərə haqda danışa bilərəm. Onlar Azərbaycanla bağlı ehtiyatlıdırlar. Məsələn, əgər Ukraynada Yanukoviç rejimini devirmək istəyənlərə kömək etməkdə qətidirlərsə, mənzərə sadədirsə, Azərbaycandakı durumu onlar daha mürəkkəb görürlər. Çünki burada 3 tərəf var: hazırkı rejim, demokratik müxalifət və radikal islamçılar. Onlar rejimi yıxmaqdan qorxurlar ki, birdən İranın nəzarət etdiyi radikal islamçılar üzə çıxa bilər. Onlar çox qorxur, çünki onlar artıq Suriyada, Misirdə yanıblar. Orada demokratik inqilabı dəstəkləyiblər, bundan isə faktiki radikal islamçılar yararlanıblar. Ona görə də onlar Azərbaycanda belə bir variantdan qorxurlar və asta, tələsmədən məhz Qərbmeylli, demokratik müxalifətlə işləməyə hazırdırlar. Məqsədləri o deyil ki, rejimi vakuuma salsınlar, elə alınmasın ki, Əliyevin yıxılmasına kömək etsinlər, radikal islama alternativ yoxdur. Onlar bu variantdan çox qorxurlar. Öz arqumentlərinizi düşünün ki, Azərbaycanda bu cür təhlükənin minimal olduğunu necə sübut edəcəksiniz. Çünki bu, proqramın təsdiqi zamanı veriləcək ilk suallar olacaq.

Mehman Əliyev: Başa düşdüm, yaxşı. İlk növbədə indi bizdən nə tələb olunur?

Yevgeni: Bilavasitə kömək edə biləcək təşkilatlar, özünü "yandırmaqdan" qorxmayan fizik şəxslər, hesablar. Bu, təhsil, insan haqlarının müdafiəsi kimi "vegetarian" proqramlar olacaq. Lakin aydındır ki, bütün bunlar təqib olunacaq. Fikirləşin ki, sizdə hansı qurumlar bu cür yardımı leqal qəbul edə biləcək.

Mehman Əliyev: Yardım hansı şəkildə nəzərdə tutulur?

Yevgeni: Bu, qrant layihələri formasında olacaq.

Sonra Mehman Əliyevdən soruşulur ki, bu məsələləri telefonda müzakirə etmək onun üçün rahatdırmı? M. Əliyev isə bildirir ki, rahat deyil.

Onlar söhbəti İnternet vasitəsi ilə növbəti gün davam etdirmək haqda razılaşırlar.

M. Əliyev APA-ya açıqlamasında belə bir telefon söhbətində iştirak etdiyini təsdiqləyib.

O qeyd edib ki, bu söhbət 2013-cü il dekabrın 29-da telefon vasitəsi ilə olub.

M. Əliyev vurğulayıb ki, söhbətdə hakimiyyət çevrilişi ilə bağlı ona müxtəlif proqramlar təkliflər edən Yevgeni adlı şəxsi tanımır: "Onu mənimlə Ukraynada Xəqani Hüseynov əlaqələndirmişdi. Bu zəng mənim üçün də gözlənilməz oldu. Mən indi də o zəng edənin kim olduğunu bilmirəm. Gördüm ki, bu, xoşagələn söhbət deyil, ona görə imtina elədim, bunun davamına getmədim. Söhbət əsnasında soruşdum ki, məndən nə istəyirsiniz? O dedi ki, Azərbaycanda təkamül yolu ilə vəziyyəti dəyişmək istəyirlər. Bildirdi ki, onlara işləmək üçün QHT lazımdı. Mən də dedim, aydındır, başa düşdüm. Sonra dedi ki, axşam saat 10-da söhbəti davam edək, amma mən davam eləmədim. Ona görə ki, bu söhbət xoşuma gəlmədi. Çünki tanımadığım adam Xəqani Hüseynov vasitəsi ilə mənə zəng edir və belə təxribatçı təkliflər edir. Bu mənim xoşuma gəlmədi deyə, imtina etdim".

M. Əliyev qeyd edib ki, ona zəng edən adamın kimliyi ilə sonradan da maraqlanmayıb: "Baxmayaraq, Xəqani Hüseynovu əvvəldən tanıyıram, amma heç Xəqanidən də mənimlə tanış etdiyi adamın kimliyini soruşmadım".

X. Hüseynov da APA-ya açıqlamasında belə bir söhbətin baş verdiyini təsdiqləsə də, danışıqların məzmunun başqa cür olduğunu bildirib.

O qeyd edib ki, söhbətin məzmunu Ukrayna və Azərbaycanda seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı bir layihənin reallaşdırılmasından ibarət olub.

Onun sözlərinə görə, audioyazıda adı hallanan Yevgeni adlı şəxs Ukraynada bu işlər üzrə fəal biridir və Mehman Əliyevə də Azərbaycandan bununla bağlı QHT-ləri cəlb etməyi təklif edib: "Bu bir layihədir və bunun reallaşmasına yardım etmək üçün biz maliyyə dəstəyi üçün bir sıra fondlara müraciət etməyi planlaşdırırıq".

X. Hüseynov hansı fondlara müraciət etməyi planlaşdırmaları ilə bağlı suala cavab verməyib: "Bu hələ dəqiq olmadığı üçün deyə bilmərəm".

Yevgenini 3 ildir tanıdığını deyən X. Hüseynov onun soyadını unutduğunu bildirib: "O burada bu işlər üzrə ictimai fəaldır. Fərddir. Çoxdan münasibətimiz var, amma soyadını unutmuşam".

X. Hüseynov onu bildirib ki, bu söhbətdən sonra M. Əliyev təklifdən imtina etdiyi üçün layihənin reallaşması hələlik qalır.



AzNews.az