Daşaltı şəhidlərinin yaxınları Şəhidlər Xiyabanında- Foto

Bu gün Azərbaycan xalqı 22 il bundan əvvəl baş verən Daşaltı əməliyyatında şəhid olanların xatirəsini anır.


Bu münasibətlə Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov, Səbayıl rayon icra hakimiyyəti nümyəndələri, Daşaltı kəndinin azad edilməsi uğrunda döyüşlər zamanı şəhid olanların yaxınları Şəhidlər Xiyabanını ziyarət ediblər. Əbədi məşəl önünə əklillər qoyan mərasim iştirakçıları daha sonra, Daşaltı əməliyyatı zamanı həlak olan şəhidlərin məzarları üzərinə qərənfillər düzüblər. Həlak olanların ruhuna ehsan süfəri təşkil edilib.

Xatırladaq ki, Daşaltı əməliyyatı 1992-ci il 25 yanvarda axşam saat 20:00 radələrində başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa rəhbərlik edib.

Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib. Bundan başqa, onlarla əsgər itkin düşüb. Döyüşdə ermənilər də bir neçə texnika və 80 nəfərə yaxın canlı qüvvə itirib.

Daşaltı əməliyyatının gedişatında qələbə müharibənin gedişatını dəyişdirə bilərdi. Amma əməliyyatın uğursuzluğundan sonra, Azərbaycan qoşunları uzun müddət faktiki olaraq hücum əməliyyatlarını həyata keçirmədilər. Bununla da, erməni qoşunları müharibədə təşəbbüsü ələ aldı. Daşaltıda məğlubiyyət, həmçinin Azərbaycan qoşunlarının və əhalinin döyüş ruhuna da ciddi təsir etdi. Lakin Daşaltıdakı döyüş Azərbaycan əsgərlərinin bir çox qəhrəmanlıq və cəsarətinin nümunəsi kimi yadda qaldı. (ANS)