Azərbaycan Fransa təcrübəsindən yararlanacaq


Bu gün Kənd təsərrüfatı naziri Heydər Əsədov Fransanın Ərzaq sənayesi naziri Giyom Qaro ilə görüşüb.

AzNews.az xəbər verir ki, görüşün əsas məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarının və gələcək perspektivlərin müzakirəsi olub.

Nazir qonaqları səmimi salamlayaraq Fransanın Avropanın keyfiyyətli ərzaq istehsal edən qabaqcıl ölkələrindən biri olduğunu və Azərbaycanın Fransa ilə əlaqələrə xüsusi önəm verdiyini diqqətə çatdırıb. Heydər Əsədov aqrar sahədə çoxsahəli proiritet istiqamətlərin olduğunu, xüsusilə torpaq alqı-satqı sahəsində və kooperativlərin yaradılmasında Fransanın qabaqcıl təcrübəsinin öyrənilməsini, bu ölkənin Azərbaycanda öz tədqiqatlarının və ticarət əlaqələrinin genişləndirilməsini, Fransanın iş adamları üçün ölkəmizdə əlverişli investisiya mühitinin olduğunu, eyni zamanda Fransadan alınması nəzərdə tutulan cins mal-qaranın qiymətinə yenidən baxılması imkanlarını araşdırılmasını nəzərə çatdırıb.

Nazir Heydər Əsədov iki ölkə arasında əməkdaşlığın hüquqi bazasının yaradılması məqsədilə "Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi və Fransanın Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun imzalanmasını və Fransanın Kənd Təsərrüfatı Nazirliyi nəzdində fəaliyyət göstərən "Aqrimer" Texniki yardım Agentliyi tərəfindən ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına texniki yardımın göstərilməsi imkanlarının araşdırılmasını təklif edərək, belə görüşlərin ölkələrarası əməkdaşlığın daha da genişləndirilməsi işinə töhvə verəcəyinə əminliyini ifadə edib.
Nazir Giyom Qaro səmimi qəbula görə təşəkkürünü bildirərək, 2014-cü ildə Fransa ilə Azərbaycan arasında münasibətlərdə daha çox nailiyyətlər əldə olunacağına əminliyini bildirib.

Giyom Qaro qida sanayesi sahəsində təcrübə mübadiləsinin aparılması, heyvandarlıq sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi, Azərbaycanda ehtiyac meyarının müəyyən edilməsi, treninqlərin keçirilməsi, brend markaların qorunması, gənc fermerlərə təcrübə mübadiləsi keçirilməsi sahəsində əməkdaşlığa dair təkliflərini, bu təkliflərin dövlətlərarası və şirkətlərarası həyata keçirilməsinin mümkünlüyünü diqqətə çatdırıb və o Heydər Əsədovu Fransa Respublikasına rəsmi səfərə dəvət edib.

Amid
AzNews.az