Hüquq müdafiəçilərinin davası qızışır


"Əmək Hüquqları Liqasının rəhbəri Sahib Məmmədovun barəmdə dediyi əsassız fikirlərin ilhamverici qüvvəsi Penitensiar Xidmətdir".


Bunu AzNews.az-a açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov deyib. O bildirib ki, yanvarın 25-də Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov onun Penitensiar Xidmətlə bağlı tənqidi fikirlərini əsassız şəkildə cavablandırıb.

S. Məmmədovun onun həmkarı olduğuna diqqəti çəkərək, əlavə edib ki, o bu cavabı ilə özünü Penitensiar Xidmətə nəzarət üzrə İctimai Komitənin koordinatoru kimi aparıb:

"Sahib Məmmədov mənim cəzaçəkmə müəssisələrinə tək getdiyimə görə İctimai Komitədən uzaqlaşdırıldığımı bildirir. Sonra əlavə edir ki, ondan çox tənqidi fikir söyləyən hüquq müdafiəçisi də yoxdur. Lakin bu belə deyil. Mənim həmin komitədən kənarlaşdırılmamda əsas səbəb 2009-cu ildə BMT-nin tədbirində etdiyim çıxış olub. Sahib Məmmədovun özü də həmin tədbirdə iştirak edib. BMT-nin İşgəncələrə qarşı Komitəsində Azərbaycanla bağlı hesabat verilən zaman ölkənin Pentensiar Xidmətinin ünvanına tənqidi fikirlər söylədim. Buna görə də sözügedən təşkilatdan uzaqlaşdırıldım".

Hüquq müdafiəçisi bildirib ki, monitorinq aparmaq üçün cəzaçəkmə müəssisələrinə gedən zaman özünü Penitensiar Xidmətə nəzarət üzrə İctimai Komitənin üzvü kimi deyil, ATƏT-in eksperti və rəhbərlik etdiyi qurumun təmsilçisi olaraq təqdim edib.

Qeyd edək ki, Elçin Behbudov Penitensiar Xidmətə nəzarət üzrə İctimai Komitənin digər üzvlərini adıçəkilən dövlət qurumunun maraqlarına xidmət etməkdə ittiham etdiyinə görə, Komitənin digər üzvü, Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov tərəfindən tənqidə məruz qalıb.

Amid Əyyuboğlu
AzNews.az