04:10
(077) 610-22-33

Rusiya mətbuatı azərbaycanlı səyahətçi haqqında

  • >
902 28 Yanvar 2014 19:51 | Cəmiyyət

Rusiya mətbuatı Azərbaycanın tanınmış səyahətçisi Ramil Ziyadov barədə məlumat verib, "Rossiya 1" telekanalı isə onun Pyatiqorsk şəhərinə gəlişi haqqında xüsusi reportaj hazırlayıb.

Yanvarın 10-da "Azərbaycan naminə" devizi altında Bakıdan iki illik dünya turnesinə yola düşən R. Ziyadov artıq Tbilisi, Vladiqafqaz və Nalçiki geridə qoyub. Səyahətçi "Stavropolye" televiziyasına bildirib ki, uşaqlıqdan müxtəlif ölkələrdə olmaq arzusu ilə yaşayıb: "İndi mənim xəyallarım gerçək olur". Pyatiqorsk administrasiyasının mətbuat xidmətindən bildiriblər ki, şəhərdə Azərbaycan velosipedçisini mehriban qarşılayıblar: "O, burada mətbuat nümayəndələri ilə görüşüb. Rus şaxtası onu zərrə qədər qorxutmayıb. Əksinə, çətinliklər onu daha da ruhlandırır. Velosipedinə canlı varlıq kimi yanaşan səyahətçi ona "Çöl küləyi" adı verib". "Russkaya planeti"nin məlumatına görə, R.Ziyadov deyib ki, qışda dağlarda gecələmə təcrübəsi var: "Tayqanı, Qafqaz döngələrini, Qazaxıstan çöllərini qət etmişəm. Xüsusi geyim məni şaxtadan qoruyur". R.Ziyadov "Şimali Qafqaz portalı"na deyib: "Rusiyada yollarda danışdığım insanların səmimiliyini və xeyirxahlığını hiss edirəm". Rusiya mətbuatının məlumatına görə, Azərbaycan səyahətçisi velosipedin üstünlüklərini nümayiş etdirməyə çalışır: "Sağlamlığa müsbət təsir edən, ətraf mühitə ziyan vurmayan velosiped sayəsində nadir gözəlliklərin olduğu yerlərə getmək mümkündür". Qeyd edək ki, yanvarın 10-da Azərbaycanın tanınmış səyahətçi-velosipedçisi Ramil Ziyadov Azərbaycan və Trend-in bayrağı ilə "Azərbaycan naminə" devizi altında Bakıdan iki illik dünya turnesinə yola düşmüşdü. R.Ziyadov deyib ki, velosipedlə Gürcüstan ərazisi ilə Rusiyaya gedəcək: "Moskva, Sankt-Peterburq və Murmansk kimi iri şəhərlərdən keçəcəyəm. Bu, qış dövrünə təsadüf edəcək. Sonra marşrutum Belarus, Ukrayna, Moldova və Türkiyə ərazisi ilə davam edəcək. Bu mənim üçün böyük sınaq olacaq. Həmçinin bütün dünyaya nümayiş etdirmək istəyirəm ki, azərbaycanlılar güclü və bacarıqlıdırlar. Turne ərzində hər yerdə Azərbaycanın tarixi, mədəniyyəti və ənənələri barədə danışacağam". R.Ziyadov Bərdədə öz sahəsini sataraq əldə etiyi vəsait hesabına velotur həyata keçirir. Xatırladaq ki, R.Ziyadov 2013-cü ildə beş ölkə üzrə velotur həyata keçirib. O, Azərbaycan bayrağı ilə Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Çin ərazisini 6 aya qət edib. Təqribən 15 min kilometr qət edən R.Ziyadov belə uzun məsafə keçmiş ilk azərbaycanlı velosipedçi olub. Veloyürüş Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmişdi və "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" devizi altında keçirilmişdi. (Trend)
Bağla X