05:37
(077) 610-22-33

Dini Komitə radikal qruplaşmalara qarşı hərəkətə keçdi

  • >
2 066 29 Yanvar 2014 11:23 | Cəmiyyət

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi radikalizmə qarşı layihə çərçivəsində din xadimləri və ilahiyyatçılar üçün kurslarını davam etdirir.


Komitənin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması, dini maarifçilik işinin düzgün metodlarla təşkili, gücləndirilməsi və genişləndirilməsi, milli-mənəvi dəyərlərin, ölkədəki tolerantlıq mühitinin qorunub-saxlanılması, eləcə də dövlət-din münasibətlərini tənzimləyən milli qanunvericilik bazasının geniş və əhatəli şərhi məqsədilə Dini Araşdırmalar Mərkəzi ilə birgə istiqamətləndirici təlim kursları təşkil edir.

Ötən ilin sonuncu rübündən başlayan kurslar əvvəlcədən hazırlanan qrafikə əsasən indiyədək Bakıda və Zaqatalada təşkil olunub. Növbəti təlim kursu isə yanvarın 28 və 29-da Şirvan və Şimal-Qərb bölgələri üzrə Ağdaş rayonunda keçirilib.

Ağdaşda Qafqaz Müsəlmanları İdarəsinin iştirakı ilə cəlb olunmuş 50-dən çox din xadimi, dini icma sədri və nüfuzlu ilahiyyatçının iştirakı ilə təşkil olunan iki günlük kursda ölkənin bu sahə üzrə tanınmış mütəxəssisləri "Azərbaycanda dövlət-din münasibətləri: problemlər və onların həlli yolları", "Müstəqillikdən sonra Azərbaycanda din və milli-mənəvi dəyərlər", "Dini radikallığın yaranma səbəbləri və təzahür formaları", "Din xadimlərinin natiqlik qabiliyyəti və motivasiya üsulları", "Məzhəblərarası yaxınlaşma və dinlərarası dialoq prinsipinin əsasları", "Dini radikalizmlə mübarizədə dünya təcrübəsi" və digər aktual mövzularda mühazirələr oxuyub.

Tədbirin açılış mərasimində çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması və dini maarifçilik işinin düzgün metodlarla təşkili istiqamətində Komitə tərəfindən həyata keçirilən tədbirlərdən danışıb.

G. İsmayılov bildirib ki, qeyd olunan sahədə qarşıya qoyulan məqsədlərə çatmaq baxımından ən vacib amillərdən biri də radikal və zərərli dini qruplara qarşı mübarizədə sağlam mövqe nümayiş etdirən din xadimlərinin və nüfuzlu ilahiyyatçıların bu istiqamətdə fəaliyyətlərinin düzgün qurulması və təşkil olunmasıdır.

Din sahəsində mövcud problemlər və onların həll yollarından danışan Dövlət Komitəsinin nümayəndəsi dini maarifçilik işinin kəmiyyət və keyfiyyət baxımından artıq yeni mərhələdə, cəmiyyətin və müasir dövrün tələblərinə uyğun aparılmasının zəruriliyini qeyd edib.

G. İsmayılov deyib ki, cəmiyyətdə maarifçilik işini aparan din xadimlərinin və bu sahədə fəaliyyət göstərən mütəxəssislərin müxtəlif istiqamətli kurslara cəlb olunması bundan sonra da davam etdiriləcək.

AzNews.az
Bağla X