Azərbaycan Hava Yolları sərnişinləri aldadır- Araşdırma

Qiymətlərin müqayisəsindən belə aydın olur ki, bizim millət daha varlıdır...


Uzun zamandır Azərbaycandan başqa ölkələrə uçuş qiymətləri diqqət mərkəzindədir. Hər kəs qiymətlərdəki fərqdən, bizdə daha baha olmasından danışır. "Qafqazinfo" bu gün Azərbaycandan İstanbul, Paris və Nyu York kimi şəhərlərə uçuş qiymətləri ilə, yaxın Tibilisi və Moskvadan eyni şəhərlərə uçuş qiymətlərini müqayisə edib.

İddialar var ki, Azərbaycandan uçan başqa hava yolları firmaları üçün də əlavə "ödənişlər" tələb olunur ki, bu da onların da qiymətləri yüksək saxlamasına səbəb olur. Ona görə də ilk öncə tanınmış hava yolları şirkəti olan "Pegasus"un Bakıdan və Tiflisdən İstanbula uçuş qiymətlərini müqayisə etdik.

Bakıdan İstanbula uçuş üçün "Pegasus"da bileti (Bakı-İstanbul-Bakı) 290.98 EUR-ya alırıq.


Tibilisidən eyni hava yolları şirkəti ilə eyni tarixdə uçuş bileti isə (Tibilisi-İstanbul-Tibilisi) 159.98 EUR-ya başa gəlir. Yəni təxminən 2 dəfə ucuz qiymətə İstanbula bilet əldə etmək olur.

Moskva -İstanbul- Moskva bileti üçün isə sərnişinlər təxminən 537 TL, yəni 194 AZN ödəyirlər. Yenə də Bakıdan alınan biletlərlə ən az 100 evro ucuz başa gəlir.

Eyni tarixlərdə Pegasusdan fərqli şirkətlərlə də Bakıdan İstanbula uçuşun bilet qiymətlərinə baxanda oxşar mənzərə ilə qarşılaşdıq. Türk hava yolları ilə 677 TL (245 AZN), AZAL-la uçmalı olsaq 747 TL (270 AZN) ödəməli oluruq.

Bakı-Paris-Bakı , Moskva Paris Moskva, Tibilisi-Paris-Tibilisi xətləri üzrə təyyarə biletlərinin qiymətlərində də fərqlər göz qabağındadır. Fikrimizcə ən gözəl əsaslandırma faktlarla olmalıdır. Ona görə də aşağıdakı şəkillərə nəzər salın və qiymətlərə diqqət edin.

Bakı-Paris-Bakı 1114 TL (408 AZN)


Moskva Paris Moskva 581 TL (210 AZN)


Tibilisi-Paris-Tibilisi 856 TL (856 AZN)


Bakı-Nyu York-Bakı , Moskva- Nyu York- Moskva, Tibilisi- Nyu York -Tibilisi xətləri üzrə təyyarə biletlərinin qiymətlərini də müqayisə edə bilərik.

Bakı-Nyu York-Bakı 2345 TL (848.89 AZN)


Moskva- Nyu York- Moskva 1438 TL (520.556 AZN)


Tibilisi- Nyu York -Tibilisi 1890 TL (684.18 AZN)



Gördüyünüz kimi yaxın qonşularımızla müqayisədə ən bahalı biletlər, ən bahalı uçuşlar bizim ölkədən reallaşır. Eynı müqayisəni Yerevanla da aparmışıq, ordakı qiymətlər yuxarıda göstərilən şəhərlərdən də ucuzdur. Amma Yerevanla müqayisəni araşdırmanı müxtəlif yerlərə yozmasınlar deyə təqdim etmirik. Çünki əsl məqsədimiz Azərbaycan vətəndaşlarının keyfiyyətli olduğu qədər, ucuz və səmərəli uçuşlar həyata keçirə bilməsidir.

Qiymətlərin müqayisəsindən belə aydın olur ki, bizim millət daha varlıdır, ya da Azərbaycan Hava Yolları qiymətli vətəndaşlarımızın ölkədən çıxmasını istəmir. Amma ironiyanı bir kənara qoysaq istənilən Avropa ölkəsində belə fərqlərlə vətəndaşlar Hava Yolları şirkətini məhkəməyə verə bilər.

Son olaraq uçuş qiymətlərinə aidiyyatı olmasa da aeroportla bağlı başqa bir ödəniş problemi barədə də fakt göstərmək istəyirəm. Aeroprtun girişinə qoyulan ödənişli keçidlərdə verilən kuponların üzərində 24 saata kimi orda maşın saxlamağın qiymətləri yazılıb. 24 saatdan yuxarı avtomobil sahiblərini nə qədər soyacaqları isə keçiddə dayanan nəzarətçilərin insafına qalıb. Yəqin ki, səfərlər zamanı orda avtomobil saxlayan vətəndaşlarımzın çoxu 3-4 gün sonra geri qayıdarkən nə qədər ödəmək lazım olduğu barədə "alver" söhbətinin, yəni açıq mətnlə desək dilənçiliyin şahidi olurlar. Kartın üzərində Aviasiya Xidmətlər Şirkəti yazılsa da belə bir şirkəti müəyyənləşdirə bilmədik, yoxsa suallarımızı onlara da ünvanlayacaqdıq. Hər halda ümid edirik ki, tezliklə bu bazara son qoyulacaq. Çünki intelektual idarəetmə sistemi hesab olunan ödənişli keçidlər məhz buna görə düşünülüb ki, orda insanların təması (yəni bazarı və ya alveri necə istəyirsiz adlandıra biərsiz) olmasın.


O ki, qaldı uçuş biletlərinin qiymətinin bahalığı ilə bağlı aeroportun mövqeyinə, AZAL-ın saytındakı e-mail ünvanına suallarımızı göndərmişik. Bu günə qədər cavab almadığımızdan yazını yayınlayırıq. Qarşı tərəfin də verilən suallara cavablarına yer verməyə hazırıq. Sualları sizə də təqdim edirik.

1. Niyə Azərbaycan Hava Yollarında yaxın qonşu ölkələrlə müqayisədə biletlərin qiymət kəskin şəkildə yüksəkdir?

2. Doğrudurmu ki, Azərbaycan Hava Yolları əməkdaşlıq elədiyi xarici hava yolları şirkətlərindən əlavə ödəniş tələb edir?

3. Niyə AZAL-ın öz bilet qiymətləri normal standartlara uyğunlaşdırılmır?

Aynur İmranova