Alıcıların nəzərinə: saxta endirim kampaniyalarına aldanmayın

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən fiziki şəxs Zülfüqarova Sevinc Əliyusif qızına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, ev 5, mənzil 79 ünvanında fəaliyyət göstərən mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, belə ki, mağazanın pəncərələrində "80%-qədər endirim" məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, malların üzərində endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) qeyd olunmadığı müəyyən edilib.

Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar olunub.

Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılmışdır. Qanun pozuntusuna yol vermiş Sevinc Zülfüqarova barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

AzNews.az