Keçmiş məhkumlar üçün Adaptasiya Mərkəzi tikilir


Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi inşa olunur.


Bu barədə məlumatı AzNews.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev verib.

O deyib ki, adıçəkilən müəssisə Qobustan rayonunda istifadəyə veriləcək.

E. Babayev deyib ki, bundan başqa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi, Yetkinlik yaşına çatmayanlar üçün İxtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq da bu il ərzində tikilərək, istifadəyə veriləcək:

"Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzində gözdən əlillərin gündəlik həyatda zəruri vərdişlərə, peşə-əmək qabiliyyətlərinə yiyələnmələri, onların sosial reabilitasiyasının daha dolğun şəkildə aparılması nəzərdə tutulur. İxtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq çətin həyat şəraitinə düşmüş uşaqların müvəqqəti yaşayış yeri, sosial, psixoloji və digər xidmətlərlə, hüquqi yardımla təmin edilməsi məqsədinə xidmət edir.

Sosial Adaptasiya Mərkəzi isə penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslərin peşə hazırlığı və işlə, tibbi və sosial yardımla təmin edilməsi, sosial adaptasiya olunmaları məqsədilə dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə birgə müvafiq tədbirlər həyata keçirəcək".

Əhməd
AzNews.az