İntihar: dəb, yoxsa çarəsizlik?- Mütəxəssis rəyləri

Son zamanlar ölkədə bir-birinin ardınca baş verən özünüyandırmalar, hər gün az qala bir intihar hadisəsinin baş verməsi cəmiyyətdə narahatlıq yaratmaqla yanaşı, problemin səbəblərini axtarmağı məcbur edir.


Hər kəsi intiharların statistikasındakı artımın əsl səbəbi maraqlandırsa da, vəziyyətdən çıxış yolu tapmaq hələlik mümkün deyil. Bir çoxlarının fikrincə, intiharların artmasında Qarabağ qazisi Zaur Həsənovun özünü yandrmasından sonra ailəsinə verilən 100 min manatın, bu məsələyə daha çox diqqət yetirən mətbuatın rolu az deyil. Yəni hər iki məqam artım statistikasında sanki "tətikçi" rolunu oynayır.

"Belə hadisələrin təqdimatından sonra intihar halları artır"


Media üzrə ekspert Ələsgər Məmmədli bu məsələdə medianın günahlandırmağın doğru olmadığını desə də, bu kateqoriyalı hadisələrə həssas yanaşmağı tövsiyə edir deyir:

"İstənilən halda hadisə baş veribsə, onun xəbər dəyəri var. Mətbuat da məsələyə bu yöndən yanaşır. Bu olaylara sanki bir başlanğıc olan Qarabağ qazisi Zaur Həsənovun özünü yandırması onun haqsız hesab etdiyi bir məsələyə etiraz forması idi.

Mətbuat bu məsələyə diqqəti tam çəkməklə daha sonra həmin şəxsin ailəsinə pozitiv dəstək oldu. Sadəcə belə məqamlarda xəbərin işlənməsinə xüsusi diqqət yetirmək lazımdır. Çünki insanların ruhi vəziyyəti, təhsil səviyyəsi, gördüyündən nəticə çıxarmaq bacarığı eyni inkişaf etməyib. Əgər xəbər yoxluğunda belə hadisəyə diqqəti daha çox çəkərək, hadisənin səbəbini yox, baş vermə formasını dəfələrlə nümayiş etdirərlərsə, o zaman mənfi təsir də qaçılmazdır.

Dünyanın inkişaf etmiş ölkələrində aparılan araşdırmalar göstərir ki, belə hadisələrin təqdimatından sonra cəmiyyətdə intihar hallarında artım hiss edilir. Məsələn, hansısa bir narkomanla bağlı hazırlanan süjeti götürək. Kimisə narkotikdən istifadənin mənfi tərəfləri cəlb edəcəksə, ola bilsin ki, kimisə iynənin necə vurulması maraqlandıracaq.

Yəni mətbuat bundan sığortalanmayıb. Media bunda günahkar deyil. Sadəcə yaxşı olardı ki, daha çox xəbərin ictimai dəyərinə diqqət yetirilsin, maarifləndirici xarakter daşıyan tərəfləri işıqlandırılsın".

"Hər gün intihar hadisəsi baş verir"


Peşəkar Psixologiya Mərkəzinin direktoru, klinik psixoloq Nuriyyə Quliyeva isə intihar mövzusunun daim aktual olduğunu, ancaq son dövrlərdə, xüsusən də yeni ilin ilk ayında xüsusi olaraq gündəmə gəldiyini deyir:


"Demək olar ki, hər gün müxtəlif yaşlı insanlar müxtəlif səbəblərdən intihara cəhd edir. Və təəssüf ki, bunların çoxu ölümlə nəticələnir. Bu hadisələr sözsüz ki, hər birimizə təsir edir. Amma intihar düşüncəsi olan, həssas insanlara daha çox təsir edərək, onları intihara daha da cəsarətləndirir. Bu səbəbdən yayılan xəbərlərin maarifləndirici tərəfinin olması vacib və qaçılmazdır".

İntihar edəcək şəxsi necə tanıyaq?


Psixoloqun sözlərinə görə, bəzi hallar artıq şəxsin intihar düşüncəsindən xəbər verir: "İntihar edən insanların 70%-i intihar düşüncələri ilə bağlı aşkar və ya nisbətən gizlin şəkildə xəbər verirlər. Onlar tez-tez ölümdən, yoxluqlarından və ya son dövrlərdəki problemlərindən danışırlar. Bütün bunlara diqqət yetirərək, intiharın qarşısını əvvəlcədən almaq olar".


İntihar riskini artıran amillər


İntihar riskini artıran amillərə diqqət çəkən psixoloq aşağıdakı halları bu amillər sırasına aid edir:

• Depressiya və ya ruhi xəstəliklər

• Mənfi vərdişlərin olması (alkoqolizm, narakomaniya və s.)
• Təzyiq, şiddət və zorakılığa məruz qalma
• Çarəsizlik, acizlik və ümidsizlik hissi
• Daha əvvəl intihara cəhd etmə
• Ailə və yaxınlarla münaqişənin olması
• Yaxınlarından birinin intiharı
• Ciddi maliyyə məsələləri, müflisləşmə və s.

Bunların arasında xüsusən daha əvvəl intihara cəhd edənlər ciddi nəzarətə alınmalıdır. Çünki statistika göstərir ki, intihar edən şəxslərin 80%-i daha əvvəl belə bir hala cəhd göstərib. Xüsusən yeniyetmələr daha çox intihara meylli olurlar. Bu zaman intiharların əksəriyyəti ailə münaqişələri səbəbindən baş verir.

Bəzi hallarda isə intiharlar sırf diqqət çəkmək xarakteri daşıyır. Və təəssüf ki, sonu ölümlə nəticələnir. Çünki intihar düşüncəsində qərarsız olan şəxs nə qədər çox intihar hadisələri ilə bağlı xəbərlər eşitsə, bir o qədər daha çox cəsarətli olur intihara. Burada kütlə psixologiyası da öz sözünü demiş olur".

İntihar etməmək üçün hərənin öz arqumenti var


Çıxış yolunun tapılmasına gəlincə, psixoloq qeyd edir ki, ilk növbədə intihara meyl edən şəxsin ruhi vəziyyətinə diqqət yetirilməlidir:

"Hər bir kəsin həyatında zaman-zaman problemlər olur. Kiçik və ya böyük... Hər bir şəxs üçün onun problemi hər kəsinkindən daha ciddi və ağırdır. Bəlkə həmin an üçün intihara cəhd edən insan düşünə bilər ki, yeganə çıxış yolu elə məhz intihardır. Xeyr, bu problemin həlli deyil!

Problem olduğu yerdə qalır. Bəs sizin bütün sahib olduğunuz hər şeydən bilərək imtina edərək, özünüzə qəsd etməyinizə dəyərmi?! İntihar düşüncəsi olan hər bir şəxs bunları düşünərək, ailəsini düşünərək problemin həlli üçün daha cəsarətli olmalıdırlar. Sonsuz görünən çətin zamanın tezliklə bitəcəyini düşünərək, bu fikirdən daşınmalıdırlar. Unutmayın ki, ümid və zaman bir çox problemlərin həllidir".

"İntihar edəni qəhrəman səviyyəsinə qaldırmaq düzgün deyil"


İlahiyyatçı Hacı Şahin Həsənli intiharın səbəbini əsasən sosial yox, mənəvi problemlərdə axtarmağın tərəfdarıdır. Onun sözlərinə görə, intiharla yol açan əsas səbəb mənəvi boşluqdur:

"İnsan depresiyaya düşür, həyat ona mənasız gəlir və intihara cəhd edir. Halbuki yaşam fəlsəfəsini nəzərdən keçirsə, bunu etməz. Təbii ki sosial səbəbləri tam inkar etmək olmaz. Amma insan əvvəlcədən həyatını düzgün qurarsa, kritik məqamda sarsılmaz".

Bəzən intihar edənlərin cəmiyyətdə qəhrəman kimi təqdim edilməsinə də rastlaşdığını deyən Hacı Şahin Həsənli bununla gənclərin intihara sövq edildiyi qənaətindədir: "Bəzən intihar edəni qəhrəman səviyyəsinə qaldırılar. Hətta şəhid səviyyəsində təqdim edirlər. Bu, gənclər üçün pis nümunədir. Problemləri həll etməyin yolu intihar deyil".

Elnarə Əlosmanqızı
AzNews.az
image description image description