Penitensiar müəssisələrdə ötən il 258 cinayətin üstü açılıb

Penitensiar müəssisələrin respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı nəticəsində il ərzində 258 müxtəlif cinayətlərin üstü açılıb.

APA-nın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 2013-cü il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində məlumat verilib.

Müşavirədə bildirilib ki, qadağan olunmuş əşyaların cəzaçəkmə müəssisələrinə keçirilməsinin qarşısının alınması, habelə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə xüsusi diqqət mərkəzində olub. Belə ki, 2013-cü il ərzində Penitensiar müəssisələrdə keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində 178 litr spirtli içki, 571 mobil telefon, 453 qram çəkidə müxtəlif narkotik vasitələri aşkar edilərək götürülüb və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb.

Qeyd edilib ki, il ərzində cinayətlə vurulmuş maddi ziyanın ödənilməsi üzrə tədbirlər xüsusi nəzarətdə olub, məhkumlar tərəfindən zərərçəkmişlərə 1 milyon 77 min 758 manat vəsaitin ödənilməsinə nail olunub. Məhkumların ictimai-faydalı əməklə təmin olunmaları sahəsində əvvəlki illərlə müqayisədə irəliləyiş əldə olunduğu, "Ədliyyə sahəsində islahatlara dəstək" Proqramı çərçivəsində 4 cəzaçəkmə müəssisəsində əlavə iş yerlərinin açılmasına imkan verən yeni istehsal sahələrinin təşkil olunduğu, 16 müəssisədə dəzgah, avadanlıq və alətlərin müasirləşdirildiyi vurğulanıb.


AzNews.az