07:50
(077) 610-22-33

Rəbiyyət Aslanovadan təklif: “Din dərsləri keçirilsin”

  • >
1 174 30 Yanvar 2014 15:12 | Cəmiyyət

"Təhsilli gənclərin dini savadsızlığı çox ağrılıdır”



"Ali təhsil müəssisələrində din tarixinin - nəzəriyyəsinin tədris olunmasına böyük ehtiyac var".


Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Rəbiyyət Aslanova deyib.

R. Aslanova bildirib ki, Azərbaycan demokratik dünyəvi dövlətdir və ölkəmizdə təhsil də dünyəvi xarakter daşıyır. Bu baxımdan orta məktəblərdə din nəzəriyyəsinin tədris olunmasının əleyhinədir, amma ali məktəblərdə bu məsələ hökmən nəzərə alınmalıdır:

"Uzun illər əvvəl, Sovet dövründə elmi ateizm nəzəriyyəsi tədris edərkən, paralel olaraq dinlər tarixi də tələbələrə öyrədilirdi. Yəni dinlər tarixinin tədrisinə ciddi yanaşılırdı. Dinə qarşı çevrilmiş ideologiya inancların incəliklərini başa salırdı və onun tənqidini əsaslandırırdı. Zaman keçdi, müstəqillik əldə etdikdən sonra tədris proqramına da münasibət dəyişdi.

Təəssüf edirəm ki, ali məktəblərdə mədəniyyət tarixi keçirildiyi halda, dinlər tarixinə olduqca az zaman ayrılır. Bu gün Mədəniyyətşünaslıq fənnini tədris edən müəllimlər dinlər tarixi, "din və cəmiyyət", "din və siyasət" mövzularına geniş yer vermir. Bu da ali təhsil almış gəncin dinlərin müqayisəli təhlili imkanını sıfıra bərabər edir".

Deputatın sözlərinə görə, hər bir mədəni, savadlı insan dinlər haqqında məlumatlı olmalıdır:

"İslamın sıx yayıldığı regionda yaşayanlar həm İslam, həm də digər dinlər barədə məlumatları olmalıdır. Tolerantlıq buradan başlayır ki, həmin dinləri bilirsən və o inanclarda mənəvi dəyərlərdən xəbərin olur. Təəssüf ki, bu gün ali məktəblərdə din tarixi tədris olunmur. Heç olmasa Mədəniyyətşünaslıq fənni çərçivəsində dinlərin tədrisinə yer verilməlidir.

Yəni müəllimlərə dinlərin izahını vermək imkanımız məhduddur. Bu gün bəzi insanlarımızın radikalizmə meyllənməsinin səbəbi də budur. Çünki onlar öz dinlərini belə doğru-dürüst bilmirlər və İslamın ali mənəvi prinsiplərindən xəbərsizdilər. Belə insanları harasa yönəltmək çox asan məsələdir. Bu baxımdan tədris proqramlarında bu məqama daha çox diqqət verilməlidir".

Bakı Dövlət Universitetinin fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri olduğunu deyən R. Aslanova əlavə edib ki, sadaladığı məsələ ilə bağlı gələcəkdə ciddi addımların atılmasını istəyir: "Əlbəttə, bu bir kafedra müdirinin üzərinə düşən məsələ deyil. Amma çox önəmlidir. Bu gün həmin o radikallığa meyllənmiş insanlarla söhbət edərkən, onların İslam dinindən təmamilə xəbərsiz olduğunu və qərəzli insanların məqsədli şəkildə onları öz düşüncələrindən uzaqlaşdırmasının şahidi olursan. Dini maarifləndirməyə diqqət ayrılmalıdır. Universitetdə təhsilli gənclərin belə məsələləri bilməməsi, dini savadsızlığı çox ağrılıdır".

O əlavə edib ki, bu məsələdə ziyalılarımızın, ilahiyyatçılarımızın, jurnalistlərimizin də üzərinə böyük məsuliyyət düşür: "KİV-lərdə də dini maarifləndirmə ilə bağlı neçə proqram var? Bəzən maarifləndirməni də elə aparırlar ki, insan bir qədər də bu prosesdən uzaqlaşır.
Vətəndaşlarımızın mənəvi sağlamlığının keşiyində durması bütün ziyalı təbəqəsinin borcudur".

Məhəmməd
AzNews.az
Bağla X