Nəqliyyat müfəttişi ilə dalaşan jurnalist danışdı

"APA" TV-nin əməkdaşı Mahir Məmmədli dünən axşam çəkiliş zamanı Nəqliyyat Departamentinin işçisinin ona hücum etməsi ilə bağlı "Qafqazinfo"ya açıqlama verib.

Mahir Məmmədli bildirib ki, ötən gün axşam redaksiyanın qaynar xəttinə Heydər Əliyev prospektində qəza olduğu barədə xəbər daxil olub:

"Biz də hadisə yerinə gedib çəkiliş apardıq. Avtomobil sürücüsü bizim çəkiliş aparmağımıza imkan vermirdi. Kameramıza xəsarət yetirdilər. Mən də başa saldım ki, biz öz işimizi görürük. Bu zaman o mənim boğazımdan tutdu. Deyir ki, mənim maşınımı niyə çəkirsiniz? Cavab verdik ki, sənin maşınını həyətində gəlib çəksək, haqlı olarsan. Amma biz baş vermiş qəzanı çəkirik. Hadisə baş verib. Olay yerində yol polisi var. Bunları ona izah edəndə sürücü mənim boğazımdan tutdu, polis əməkdaşları onu sakitləşdirdilər. Nəqliyyat Departamentinin baş işçiləri də gəldilər. Sürücünü sakitləşdirdilər. İnsandır, başına qəza gəlib, başa düşmək olar. Yəni çox da böyük dava-dalaş olmayıb".

Qeyd edək ki, avtomobilin sürücüsü İsmayılov Vidadi Pәnah oğlu Nəqliyyat Nazirliyinin "Avtonəqliyyatservis" Departamentinin әmәkdaşı olub.


AzNews.az