15:40
(077) 610-22-33

Dövlət qurumları şaxtalı havaya hazır olduqlarını bildirib

  • >
552 30 Yanvar 2014 18:50 | Cəmiyyət

"Təki qar yağsın, yüksək səviyyədə əhaliyə xidmət göstəriləcək"

Tanrıverdi Mustafayev: "Təki qar yağsın, yüksək səviyyədə əhaliyə xidmət göstəriləcək"

Nizaməddin Quliyev: "Şaxtalı havalarda əhaliyə təbii qazın verilməsində problem olmayacaq"

Kamran Əliyev: "İnsanların həyatını, təhlükəsizliyini qorumağa borcluyuq"

Sinoptiklərin məlumatına görə. Fevralın 1-dən etibarən Bakıda və Abşeron yarımadasında hava kəskin soyuyacaq, qar yağacaq, temperatur mənfiyə düşəcək. Həmçinin yollar buz bağlayacaq.

Hər dəfə havalar kəskin soyuyanda. Qar yağanda paytaxtda həyat iflic olur. Qaz, elektrik və su verilişində böyük fasilələr yaranır. İctimai nəqliyyatın işində fasilələr yaranır və s.

Bəs bu dəfə necə. Aidiyyatı dövlət qurumları şaxtalıya havaya hazırdırmı?

"Bakıelektrikşəbəkə" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayev musavat.coma bildirib ki, təmsil etdiyi qurum qışa tam hazırdır. Şaxtalı havalarda əhalinin davamlı elektrik enerjisi ilə təminatında heç bir problem olmayacaq: "Təki qar yağsın. Qar bolluq, ruzi, sevincdir. Yüksək səviyyədə əhaliyə xidmət göstəriləcək. 24 saat elektrik təminatı olacaq.


Biz hava metrologiyasından aldığımız məlumata uyğun olaraq, tam hazırlıqlarımızı görmüşük. Maşın mexanizmlərimiz var, növbətçilərimiz artıq təyin olunub. Ətraf kənd, qəsəbələrdə güclü külək olarsa, buna qarşı da tədbirlər planımız var. O cümlədən Bakının hər bir rayonunda işçi qruplarımız yaradılıb, nə hadisə baş verərsə, anındaca həll olunacaq. Bundan əlavə, hər hansı bir yerdə fərdi qayda da qəza baş verərsə, insanlarımız 199 saylı nömrəyə 24 saat ərzində zəng vura bilərlər".


ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev narahatçılığa heç bir əsas olmadığını söylədi: "Hər şey normaldır. Narahatçılığa əsas da yoxdur. Şaxtalı havalarda əhaliyə təbii qazın verilməsində problem olmayacaq. İndi başqa zamandır. Əvvəlkindən daha yüksək səviyyədə əhali qazla təmin olunacaq".


Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimai əlaqələr şöbəsinin rəisi Kamran Əliyev də şaxtalı havalarda yol polisinin planlaşdırdığı işlərdən danışdı: "Əgər şaxta, buzlu hava olsa, bəzi istiqamətlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyula bilər. Məsələn, sürücülərin Şamaxı-Ağsu yolundan yox, Kürdəmir yolundan istifadələri tövsiyə olunacaq. Çünki həmin yol qarlı havada nisbətən təhlükəsiz olur. Yol polisi görəndə ki, bir avtomobil gedəcəyi yolu axıra kimi qət edə bilməyəcək, biz o avtomobilin hərəkətinə məhdudiyyət qoyuruq. İnsanların həyatını, təhlükəsizliyini qorumağa borcluyuq. Şaxtalı və qarlı havalarda Nəqliyyat Nazirliyinin yol idarələri ilə birgə fəaliyyət göstəririk. Yollara qum, duz səpilməsində, qardan təmizlənməsində Nəqliyyat Nazirliyinin yol idarələrinin texnikalarından istifadə edilir, yəni kömək alırıq". K.Əliyev dedi ki, havalar şaxtalı və qarlı-buzlu keçsə yol polisi bu prosesdə öz öhdəsinə düşən işi yüksək səviyyədə həyata keçirəcək.



AzNews.az
Bağla X