AzNews.az Azərbaycan xalqını və bütün müsəlman dünyasını Ramazan bayramı münasibətilə təbrik edir AzNews.az Azərbaycan xalqını və bütün müsəlman dünyasını Ramazan bayramı münasibətilə təbrik edir

Ramazan bayramınız mübarək!

AzNews.az Azərbaycan xalqını və bütün müsəlman dünyasını Ramazan bayramı münasibətilə təbrik edir



Artıq mübarək Ramazan ayı başa çatdı və bütün müsəlman dünyası bu müqəddəs bayramı qeyd edir. Bu bayram ölkəmizdə Milli Məclisin 1992-ci il oktyabrın 27-də qəbul etdiyi "Azərbaycan Respublikasının bayramları haqqında" qanununa əsasən 1993-cü ildən dövlət səviyyəsində qeyd olunmağa başlanılıb. Azərbaycanda bu bayramın xüsusi önəmi var. Əvvəlcə bayram namazı qılınır, sonra isə fitrə çıxarılır. Bu bayramda fitrənin önəmi də çox böyükdür. Fitrələr yığılır və ehtiyacı olan adamlar bundan istifadə edirlər.

Bu bayram xalqımızın milli-mənəvi dəyərlərində, yaddaşında yaşayır və o, nə qədər gözəl qeyd olunsa, bir o qədər yaxşıdır. Bəs bu müqəddəs bayramda nələr etmək lazımdır? Bununla bağlı dinşünas Mirpaşa Bayramova müraciət etdik. Onun sözlərinə görə, bayram səhəri yuxudan tez oyanmaq, yuyunmaq, diş fırçası və ya misvakla dişləri təmizləmək, ətir sürtmək, yeni və təmiz paltar geyinmək, Ramazan bayramında, bayram namazından əvvəl şirniyyat, xurma yemək, xurmanı 1, 3, 5, kimi tək sayda yeyərək, təkə riayət etmək sünnədəndir. Hədislərin birində belə deyilir: "Allah təala təkdir və təkə riayət edəni sevər"(Buxari). Din xadimi bildirdi ki, bayramda üzük taxmaq, insanlarla gülərüzlə salamlaşmaq, kasıblara çoxlu sədəqə vermək, Allah üçün çalışanlara yardım etmək, küsülüləri barışdırmaq, qohum-əqrabanı, din qardaşlarını ziyarət etmək və hədiyyə vermək də Peyğəmbərin (s.a.s) etdiyi əməllərdir.

Əslində bu bayram Ramazan ayı başa çatdığı üçün deyil, insanların günahları bağışlandığı, böyük savab və nemətə qovuşduqları üçün qeyd edilir. Hədisdə deyilir: "Bayram səhəri müsəlmanlar namaz üçün məscidlərə toplaşınca Allah təala mələklərə: "İşini mükəmməl görənin qarşılığı nədir?" deyə sual edər. Mələklər də "Qarşılığını almaqdır" deyərlər. Allah da buyurar: "Siz şahid olun ki, Ramazanda orucların və namazların qarşılığı olaraq qullarıma öz rizamı və məğfirətimi (bağışlamağımı) verdim. Ey qullarım, bu gün məndən istəyin, izzət və cəlalıma and olsun ki, istədiyiniz hər şeyi verərəm!" (Beyhəqi).

Bir dəfə Peyğəmbər (s.a.s) "Ramazanın sonuncu günündə Allah təala oruc tutanları əfv edər" söylədikdə səhabələr: "Ey Allahın rəsulu, o gün qədir gecəsidirmi?" deyə soruşdular. Peyğəmbər də "Bilmirsinizmi, iş görənə işi bitdikdə qarşılığı verilir" deyə cavab verdi (Beyhəqi). Bu mükafatları bilən müsəlman necə sevinməyə, bayram etməyə bilər? Bayram günləri sevinmək, nəşələnmək lazımdır. Hz. Əbu Bəkr qızı Aişənin (r) evinə getdikdə iki cariyənin dəf çalıb oynadığını görür. Onlar səhabələrin qəhramanlıqlarını mədh edir, şeir söyləyirmişlər. Hz. Əbu Bəkr Rəsulallahın (s) evində belə bir davranışın uyğun olmadığını və onların susmalarını tələb edir. Peyğəmbər də (s) Hz. Əbu Bəkrə "Onlara mane olma! Hər qövmün bir bayramı var, bu da bizim bayramımızdır. Bayram sevinc günləridir" dedi (Buxari). Hz. Əli isə belə deyib:"Bu gün orucu qəbul edilmiş, zəhmətinin mükafatını görmüş və günahları əfv edilmiş olanların bayramıdır".

Bir hədisdə deyilir: "Allah təala Ramazanda dörd qrup insandan başqa hər kəsin günahlarını əfv edər. Bunlar içki içməyə davam edən, ana və ataya asi olan, qohum-əqrabanı ziyarət etməyən və mömin olmaqdan ümidini kəsənlərdir". Lakin əgər onlar tövbə edərlərsə, Allah günahlarını əfv edər. İnsanlar Ramazandakı fəziləti bilsəydilər, hər günün Ramazan olmasını istəyərdilər. Hədislərin birində deyilir: "Ramazana xas savablar bilinsəydi, bütün ilin Ramazan olması arzu edilərdi".

Günahlardan çəkinərək oruc tutanlar çox xoşbəxt hesab olunurlar. Onlar əsl bayramı axirətdə keçirəcəklər.
Küsülü olanlar bayramı gözləməyib barışmalıdırlar. Allahı və peyğəmbərini sevən kəs insanların qüsuruna baxmaz, möminlərə qarşı mülayim olar. Yaxşı kəs, yəni mömin hər kəslə yaxşı davranır. Başqalarına sıxıntı vermədiyi kimi, onların verdiyi əziyyətə də səbr edər.

Mömin heç kimdən inciməməli, küskünlük varsa üç gündən artıq bunu davam etdirməməli, bayrama qədər küsülü olanla barışmalıdır. Hədisdə deyilir: "Din qardaşı ilə üç gündən artıq küsülü qalmaq caiz deyildir. Üç gündən sonra onunla qarşılaşarsa, ona salam verib halını soruşmalıdır. O biri də salamını alarsa, birlikdə savaba nail olarlar. Əgər salamını almazsa, günaha girər. Salam verən də küsülü durmağın məsuliyyətindən qurtulmuş olar" (Əbu Davud).

Başqa bir hədisdə oxuyuruq: "Əməllər bazar ertəsi və çərşənbə günü Allaha göstərilər. Allah da şirk qoşmayan hər kəsi əfv edər. Amma bu bağışlanma bir-birinə kin bəsləyən kəslərə nəsib olmaz. Allah "Onlar barışana qədər əməllərini mənə gətirməyin!" deyə buyurar" (İmam Malik).

Bayram ziyarətləri: Bayram ziyarətləri zamanı nələrə diqqət etməli, kimləri ziyarət etməliyik? Dinimizdə buyurulur ki, əməli-saleh əqrabanı ziyarət etmək vacibdir. Həmçinin, əməli-saleh dostları ziyarət etmək də çox savabdır. Ziyarət yalnız Allah rizası üçün olmalıdır.

Beləliklə, Ramazan bayramın məqsədlərindən biri müsəlmanların toplanması və görüşməsidir. Müsəlmanlar bayramda görüşür, bir yerdə namaz qılırlar. Oruc ibadətlərini bitirdikdən sonra müsəlmanlar bayram keçirir və bir yerə yığılırlar. Bayramın başqa məqsədlərindən də, müsəlmanların bir-birini ziyarət etməsi, qohum-əqrabalarla görüşməsi, əgər arada inciklik varsa, - barışması üçündür. Bayramda kasıblar və yoxsullar da sevinməlidir, onlar da yeni paltar geyərək bütün müsəlmanlarla bir yerdə namaza gəlməlidirlər. Məhz buna görə fitrə zəkatı buyurulur ki, yoxsul müsəlmanlar da bayramı keçirsinlər və hamı kimi şənlənsinlər. Xüsusilə bunları bilmək vacibdir ki, bayram günü oruc tutmaq haramdır. Bayram günü qüsl almaq, çimib yuyunmək, təmiz paltar geyinmək müstəhəbdir. Bayram namazı oruc halında qılınmaz. Müsəlman bayram namazı qılmamışdan əvvəl, heç olmasa, bir kiçik xurma yeməlidir.

Bayram günü bütün müsəlmanların bir-birlərini bayram münasibəti ilə təbrik etmələri və bir-birləri üçün dua etmələri təqdirəlayiq hesab olunur.
Müqəddəs Ramazan bayramınız mübarək! Allah ibadətinizi qəbul etsin!

Sevinc Fədai
AzNews.az