Qarın “dadı” gediş haqlarında hiss edildi -QİYMƏT CƏDVƏLİ


Havaların qarlı və çovğunlu keçməsi paytaxt Bakının ictimai nəqliyyatını iflic vəziyyətə salıb. Belə ki, avtobuslar qrafikə uyğun işləmədiyindən sərnişinlər mənzil başına vaxtında çata bilmək üçün taksidən istifadəyə məcbur qalıb. Bundan istifadə edən taksi sürücüləri gediş haqlarını dəfələrlə artırıb.

AzNews.az-ın araşdırması zamanı məlum olub ki, şəhərin bir sıra istiqamətlərində hərəkət edən marşrutlar ya ümumiyyətlə xəttə çıxmayıb, ya da saatlarla paytaxt sakinlərini gözlətməli olublar. "Azadlıq" metrosundan Novxanı istiqamətində hərəkət edən 123 nömrəli marşrut başlanğıc yerindən 10 dəqiqədən bir çıxmalı olduğu halda, həmin 10 dəqiqə saatlarla əvəz olunub. Belə hallardan isə taksi sürücüləri məharətlə yararlanıb.
Bununla bərabər, Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən London Taxi TX4 avtomobilləri də sərnişin daşınması tariflərini qaldırıb. Belə ki, sərnişin əvvəllər bir manat və hər bir kilometrə görə 0,70 manat ödəməli olduğu halda, taksi sürücüləri sərnişinlərə öz istədikləri qiyməti diqtə edib. Sürücülər buna səbəb kimi havaların şaxtalı olmasını, habelə, avtomobillərin hərəkəti zamanı təhlükəli halların yarandığını göstəriblər: "Biz bu təhlükəyə baxmayaraq, yenə də, çalışırıq ki, indiki vəziyyətdə sakinləri mənzil başına çatdıraq. Adi günlərdəki qiymətlər indi bizə sərf etmir".
Ümumilikdə, apardığımız araşdırmadan bəlli olub ki, London Taxi TX4 avtomobilləri daxil olmaqla, digər taksi fəaliyyəti ilə məşğul olan sürücülər gediş haqqını süni şəkildə təqribən 3 dəfədən çox qaldırıblar.
Qiymətlər belədir:
Şəhərdaxili qiymət 5 manat olduğu halda 10-15 manat;
Bakı-Sumqayıt marşrutu üzrə adambaşı 1 manat olduğu halda 5 manata (20 manat);
Bakı-Novxanı marşrutu üzrə adambaşı 1 manat olduğu halda 3-4 manat (12-15 manat);
"Koroğlu" metrosundan Mərdəkan, Şüvəlan, Binə və şəhərətrafı kənd və qəsəbələrə hərəkət edən taksilər adambaşı 1 manata aparmalı olduğu halda, bunu 3-5 manat arası ( 13-17 manat) qaldırıblar.
Adını sadalamadığımız şəhərdaxili və şəhərətrafı digər yerlərdə də bu cür hallara rast gəlinir.

Amid Əyyuboğlu
AzNews.az