21:53
(077) 610-22-33

Baş nazirin müavini Suriyaya gedən gənclərlə bağlı çağırış etdi

  • >
1 518 1 Fevral 2014 10:50 | Cəmiyyət

"Hər birimiz çağırışlar etməliyik ki, bundan sonra başqa yerlərə, o cümlədən Suriyaya döyüşlərə hər hansı vətəndaşımız getməsin".


AzNews.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov son vaxtlar Suriyada cihad adı ilə döyüşən və həlak olan Azərbaycan vətəndaşları ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Ə. Əhmədov deyib ki, Azərbaycan torpaqlarının 20 faizi erməni işğalı altındadır. Belə olan halda hər bir Azərbaycan vətəndaşı və gənci öz torpaqlarını işğaldan azad etməyə hər zaman hazır olmalıdır. Bu, hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur:

"Amma bir hər zaman müharibənin əleyhinə olmuşuq. Baxmayaraq ki, Azərbaycan torpaqları işğal altındadır, hər bir Azərbaycan vətəndaşı torpaqlarımızı işğaldan azad etmək üçün ölümə getməyə hazırdır.

Ancaq Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət dünyanın heç bir yerində müharibənin, qan tökülməsini istəmir. Biz Azərbaycanın hər hansı bir vətəndaşının müharibələrdə və fəlakətlərdə iştirakını arzu etmirik".

O əlavə edib ki, Azərbaycan gənclərinin Suriyada hər hansı ideyalar uğrunda mübarizəyə qoşulmasına müsbət baxmır:

"Dünya birliyi çalışmalıdır ki, Suriyada qan tökülməsinin qarşısı alınsın, sabitlik və əmin-amanlıq yaransın. Azərbaycan gənclərinin gedib Suriyada döyüşməsi və həlak olması isə bizim üçün lazım deyil. Azərbaycan gəncləri öz torpaqlarının işğaldan azad edilməsi uğrunda çalışmalıdır və buna hazır olmalıdır".

Amid
AzNews.az
Bağla X