08:08
(077) 610-22-33

Millət vəkili: “Bu, həllini tapmasa, intihar halları artacaq”- Müsahibə

  • >
4 310 1 Fevral 2014 14:56 | Cəmiyyət

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin AzNews.az-a müsahibəsi:


- Musa müəllim, son vaxtlar intihar hallarının sayı artıb. Xüsusilə özünüyandırma ilə intihara cəhd az qala ajiotaja səbəb olur. Bu məsələlərlə bağlı nə deyə bilərsiz?


- Bu ay ərzində səhv etmirəmsə, 4 nəfər özünü yandırdı. Birinci növbədə bunun səbəbi mən ötən ilin sonunda daha dəqiq desək dekabrın 25-də Bakının mərkəzində özünü yandıran Qarabağ qazisi Zaur Həsənovun görüntülərini Kütləvi İnformasiya Vasitələrində, xüsusilə televiziya və internet saytlarında geniş şəkildə reklam olunmasında görürəm.

Özünü yandırmaq intiharın ən ağır forması sayılır və psixoloji cəhətdən zəif insanlar tez belə bir təsirin altına düşürlər. Psixoloji cəhətdən zəif insanlar o anları, səhnələri, görərkən özlərinə də bu cür halları tətbiq etmək fikrinə düşürlər. Bu o demək deyil ki, insanların problemləri elə həmin an yaranıb və özlərini yandırırlar. Cəmiyyətdə problemlər hər zaman olur. Bunun bir hissəsi həll edilir və bir hissəsi ümumiyyətcə, həll edilmir. Amma bu problem insanı intihara gətirib çıxarmalı deyil.

- Siz belə hesab edirsiz ki, KİV baş verən bu hadisələri cəmiyyətdən gizlətməlidir?


- Yox, amma belə məsələlərə həssaslıqla yanaşmaq lazımdır. Hazırda psixoloqların fikirlərini, sosioloqların araşdırmalarını öyrənmədən maraqlı görüntü tapdığımız anda düşünmədən saytlara yerləşdirir və televiziya ekranlarında yayımlanır.

Belə intiharların qarşısını almaqdan ötrü, birinci növbədə mən çox istərdim ki, KİV-lər intihar məsələlərinin işıqlandırılmasında bir az ehtiyatlı olsunlar. Yəni onları reklama çevirməsinlər. Nəzərə almalıdırlar ki, cəmiyyətdə psixoloji durumu zəif olan insanlar var. Bunlar həmin o yayılan görüntülərdən özləri üçün mənfi nəticə çıxarda bilirlər.

- Bəlkə bu halların baş verməsini gizlətmək əvəzinə, intihar hallarının qarşısını almaq, intihara aparan problemləri həll etmək yönündə işlər aparılmalıdır, tədbirlər görülməlidir?


- Əlbəttə, bu istiqamətdə ciddi addımlar atılmalıdır. Hesab edirəm ki, bunun üçün ilk növbədə Azərbaycanda psixoloji yardım mərkəzlərinin sayı genişləndirilməlidir. Ümumiyyətlə, bu işin hüquqi və inzibati təşkilatı əsasları müəyyənləşdirilməlidir.

Biz artıq 20 və yaxud 50 il bundan qabaq dünyasında yaşamırıq. İnsanların əsəb sistemi son dərəcə incəlib və ən zəif bir qıcığa görə dözümsüz vəziyyətdədir. Ona görə dünyanın inkişaf etmiş ölkələrində əhali ilə psixoloqlar çox geniş şəkildə insanlara yardım göstərirlər. Müxtəlif psixoloji yardım mərkəzlərində ailə gənclərlə, tələbələrlə, ahıl insanlarla işləyən psixoloq mütəxəssislər var. Amma təəssüflər olsun ki, Azərbaycanda bu sistem demək olar ki, qurulmayıb.

Məktəblərdə də çox az sayda psixoloq var və onların da böyük əksəriyyəti ixtisas sahibi deyillər ya da ixtisaslarını yaxşı səviyyədə mənimsəməyiblər. Hesab edirəm ki, ölkənin hər yerində psixoloji yardım mərkəzləri yaradılmalıdır.

Bu işin bir sistemi qurulmalıdır. Bu cür Mərkəzlər qurulmasa, biz getdikcə intihar hallarının daha çox olmasının şahidi olacağıq. Yəni, intihar - təkcə insanların təkcə sosial problemləri ilə bağlı olan məsələ deyil.

- Qanunvercilikdə psixoloji mərkəzlərin yaradılması ilə bağlı bu məsələ ilə bağlı hər hansı müddəa varmı?


- Psixoloji mərkəzlərinin yaradılması ilə bağlı ölkə qanunvericiliyində heç bir müddəa yoxdur. Mən Milli Məclisin fevralın 3-də keçiriləcək ilk iclasında mən bu məsələni gündəliyə gətirəcəm və təklif edəcəm ki, "Psixoloji yardım haqqında" qanun qəbul olunsun. Sözügedən qanun layihəsinin hazırlanması və bunun təkliflər planına salınmasını da irəli sürəcəyəm".

- Belə xoşagəlməz halların baş verməsində məmurların məsuliyyəti nə qədərdir?


- İnsanlarla işləyən, onlarla daha tez-tez təmasda olan məmurlar ordusu işlərini daha ciddi korrektə etməlidirlər. Xüsusən insanların problemləri ciddi araşdırılmalıdır. Həll olunan problemlər həll edilməli və əgər obyektiv səbəbdən o insanın tələblərini icra etmək mümkün deyilsə, buna geniş izahat verməlidirlər.

Hər halda müraciət edən insanın dərdini, ağrısını yüngülləşdirməyə çalışmalıdırlar. İnsanı tək başına buraxmaq olmaz. Bütövlükdə bu məsləyə kompleks yanaşmaq vacibdir. Bir ay ərzində 4 nəfərin özünü yandıraraq qəsd etməsi cəmiyyət üçün və həm də dövlətin müvafiq qurumları üçün çox böyük siqnaldır.

Düşünürəm ki, müvafiq orqanlar insanların hər biri özünü yandırma halı ilə bağlı ciddi araşdırmalar aparmalıdırlar. Burada günahı olan məmurlar ciddi şəkildə cəzalandırılmalıdır. Ümumiyyətcə, bütün dünyada insanın tənhalaşma prosesi gedir. Qabaqkı, vaxtlarda insanlar böyük ailə içərisində yaşayırdılar. Bu cür olan halda onlar bir-birlərinin problemlərinə də şərik ola bilirdilər.

İndiki halda insanlar öz problemləri ilə tək başına qalır və o nəticədə cəmiyyətin, dövlətin müvafiq strukturlarından dəstək ummaqda görür. Bu dəstəkdə hər kəs tərəfindən və xüsusi ilə məmurlar tərəfindən göstərilməlidir.

- Əksər ölkələrdə insanların bu problemləri ilə daha çox vətəndaş cəmiyyətləri məşğul olur. Bizdə isə bu istiqamətdə QHT-lərin fəaliyyəti o qədər də sezilmir. Bununla bağlı hansı addımlar atılmalıdır?


- Qeyri Hökümət Təşkilatları da bu məsələyə çox həssas yanaşmalıdır. Bu sahədə çalışan QHT-lərə hesab edirəm ki, daha çox dövlət qrantları ayrılmalıdır. Bu da çox vacib məsələdir. Bütövlükdə bu məsləyə kompleks yanaşılmalıdır.

Amid
AzNews.az
Bağla X