18:31
(077) 610-22-33

Ay işığındakı həftə - 7 günün xülasəsi

  • >
488 21 Avqust 2012 12:15 | Cəmiyyət

Təbrizdəki dəhşətli zəlzələnin təsiri avqustun 13-dən 19-a qədər olan günlərin üzərində hakimliyini saxlaya bildi. Həftə azərbaycanlıların faciəsini əks etdirən fotoların qarşısında baş əyməli oldu.

Onlar bizimdi, ilk yardıma da biz getməliydik. Həftənin ilk günü. Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi İranın zəlzələdən zərər çəkmiş bölgəsinə 25 yük maşını dolu yardım göndərib.

Xəbər yayılan kimi ilk reaksiya: "İran yardımı qəbul etmir". Yalan çıxır. Təfəkkür yalanı. Düşüncə dezinformasiyası. İki ölkə arasındakı münasibətlərə siyasətin vurduğu zərbə artıq beyinlərimizdə çatlar əmələ gətirib. Yardımı belə, qəbul etməyəcəklərinə özümüzü inandırmışıq. Təhlükəli məqamdı. Həftənin ilk günündə bunun şahidi olmaq xoş deyil.

----

Günortadı. Kütləviliyinə görə bu günə qədər baş verməyən hadisə yaşanır. 18 hərbi komissar bir anda vəzifəsini itirir. 18 böyük rəqəmdi. Məntiqə görə, 18 rayonun gənclərini hərbi xidmətə göndərməkdə problemlər olub. Problem varsa, fəsadlar yaşanıb. Nə baş verib? Suala mətbuat cavab verməlidir. Mətbuatsa çoxdandır Azərbaycana bir otaqdan baxmağın dadını çıxarır. Həmin komissarları tapmaq və soruşmaq lazım idi ki, səhvləri nədir... Soruşmuruq. "Ölkənin hərbi komissarlığı bərbad gündədir" başlığı ilə 3000 işarəlik otaq yazısı dadımıza çatır. Günortadı, amma qaranlıq düşüb.

Günün 3-cü pis hadisəsi. Yenə əsgər şəhid oldu. AzNews.az-a daxil olan məlumata görə, hadisə Ağdam rayonu ərazisində baş verib. İşğal altındakı Yusifcanlı kəndindən Ermənistan Silahli Qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun əsgəri 19 yaşlı Rişanov Faiq Mirzəməhəmməd oğlu baş nahiyəsindən güllə yarası alıb. Əsgər dərhal ərazidəki hərbi hospitala çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Görəsən, filmlərdəki kimi, niyə göyə yaylım atəşi açmırıq?.. Bəlkə qorxuruq göydə kiməsə dəyər?.. Göydə kim var axı?.. Bəs deyirlər əsgər şəhid olanda göy boşalır, mələklər də yerə enir?.. Daha güllə kimə dəyəcək ki?.. Yəqin unutmuşuq: göyə atılan güllə yerə qayıtmır. Yəqin qorxuruq, atarıq, qayıdıb özümüzə dəyər. Torpağı işğalda olan toplum uzun illərin atəşkəsində güllənin trayektoriyası barədə ancaq belə yol cızar.

14 avqust. Müdafiə naziri, general-polkovnik Səfər Əbiyevdən diqqət çəkən bəyanat səsləndirilib. ABŞ-ın Oklahoma Ştatı Milli Qvardiyasının komandanı general-mayor Mayls Dirinqi qəbul edən nazir Ermənistanla müharibənin günbəgün yaxınlaşdığını deyib. Kainatın sahibi dualarımızı eşitdi? Daha doğrusu, qəbul etdi? Bəli, haqqı uğrunda müharibə edənlər həmişə qalib gəlib. Müharibənin başlayacağını Allahın mükafatı kimi qiymətləndirmək olar. Allahın Azərbaycan xalqına mükafatlarından biri də Alim Qasımovdu. 55 yaşı oldu.


Avqustun 15-nə dünyanın bağlı qalan qapısına tapdığımız xilas açarı ilə keçmək ləzzət elədi. Keçmək, başlamaq yox. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı ümumi cəzaçəkmə müəssisəsində Lökbatan ruhanisi Füzuli Novruzov dünyasını dəyişib. İnfarkt. 1 il müddətinə cəza almışdı. Dözə bilmədi.


Bayramdı. Olimpiyaçılarımız qayıtdı. Qızıl adamlar, gümüş adamlar, bürünc adamlar-qiymətli adamlar. Sizdən bizə şərəf, bizdən sizə bir cümlə: QİYMƏTİNİZİ BİLİN, ADAMLAR! Məğlubiyyətlərin kökündə özünü ucuzlaşdırmaq durur.


16 avqust. İyrənc mənzərə canlandıran açıqlama. Fransanın Tuluza şəhərində yaşayan Azərbaycan ordusunun ehtiyatda olan əsgəri Rahim Namazov Naxçıvan ordu korpusundakı orqan əməliyyatları barədə oxumaq istəmədiyimiz fikirlər səsləndirir. Onun nə dediyini yazmırıq və düz edirik.

Eh, İran, İran... Eh, İranın hakimiyyəti... Xəbərə bax: Təbrizə yardım aparan vətəndaşlarımız tutuldu. İranın Şərqi Azərbaycan vilayətində baş vermiş zəlzələdən zərərçəkənlərə kömək məqsədilə yardım toplayan 4 azərbaycanlı fəal həbs edilib. APA-nın məlumatına görə, Meysəm Azadi, Oktay Rəşidi, Vahid Səidxani və Firudin Ağazadə Urmiya şəhərində əhalidən yardım toplayıb avqustun 15-də Vərzigana gedərkən yolda polis tərəfindən saxlanılıb.

Açıq hiss olunur, ABŞ İranı əməlli-başlı qorxuya salıb. Qorxaqlıq aqressivlik yaradır. Yardım aparanlara belə, şübhə ilə baxmaq maniyası...

Göy guruldadı, şimşək çaxdı. Bu nə hərifdi belə, göydən sallanıb?.. 3-cü dünya müharibəsinin "M" hərfinə oxşayır. Farslar və ərəblər inanmır. Deyirlər, gördüyümüz hərif Allah kəlamıdı.


Qarşımızda dövlət qəzeti var. "Azərbaycan"ın baş redaktoru Bəxtiyar Sadıqov keçmiş olimpiya çempionu Elnur Məmmədlinin əleyhinə yazıb. "Görünür, bəzilərini çox əzizləmiş, qədərindən artıq sevmişik!"- hörmətli deputatımızın cümləsidi. İdmançıdan imtina mənası verir. Ağır qərardı. Məğlubu özündən bu qədər kənara itələmək olmaz. Dünən yoxdu, bu gün olmayacaq, sabah həmişə var. Bura Şimali Koreya deyil ki, Olimpiadada məğlub olanı həbs edək... Əlbəttə deyil. "Görünür, bəzilərini çox əzizləmiş, qədərindən artıq sevmişik!" ifadəsi isə azadlığın məhdudlaşdırılması qədər ağrıdıcıdı.

17 avqust. Elçibəyi "dirildirlər". Bakı Şəhər Prokurorluğunda eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi üzrə cinayət işi qaldırılıb. Ailəsi etiraz edir.


Mistik qüvvələrin göydən asdığı "M" hərfinə Allah kəlamı deyənlər, xəbəriniz var, Ultrasağ "Almaniya uğrunda" hərəkatının nümayəndələri Berlində Məhəmməd Peyğəmbərin karikaturalarını nümayiş etdirə biləcəklər. Bununla bağlı Berlin və Brandenburq federal torpaqlarının ali inzibati məhkəməsi qərar çıxarıb. Hadisə avqustun 18-də baş verib. Hakimlərin fikrincə, karikaturaların nümayişi dini hissləri təhqir etmək sayıla bilməz. Gəlin razılaşaq, o "M" 3-cü dünya müharibəsinin birinci hərifidi.


Daha bir müsəlman ölkəsi dağılır. Dəyərli jurnalistimiz Səbuhi Məmmədli Suriyadakı vəhşəti gözləri ilə görüb. Gərək Səbuhi jurnalistikanın fəxri sayılsın. Camaat Hələbdən qaçır, bizim həmkarımız Hələbə doğru irəliləyir.


Həftənin sonuncu günü-19 avqust. Müqəddəs gün. Yaxşı xəbər axtarıram. Saytları gəzirəm. Gözə girən bir xəbər var, o da pisdi. Yazmıram...

Ramazan bayramının qeyd olunduğu gündü. Sultan adı qazanan ay bizi tərk edir. Azərbaycanlı müsəlmanlar həsrətlə ayın çıxmasını gözləyir. Həftənin şərhi saytda təqdim olunanda artıq Ay çıxmış, Sultan bizi tərk etmiş olacaq. Oruclar qəbul olar, inşallah. Əsas onun mahiyyətini dəqiq anlamaq və əməl etməkdir. Əlinizin altında bir düymə var, onu tıklasaz Ramazan ayının son 3 həftəsində nələr yaşadığımızı və nələr yaşatdığımızı aydın görəcəksiz. AzNews.az. 3-cü həftənin şərhini də burdan oxuya bilərsiz.

Fərqi yoxdu, hansı aydı. Göydə Ay olanda insan rahatlıq tapır. Ay bizi görməsə də olar, əsas odur biz Ayı görək. Onda dünyanın nə qədər gözəl olduğunu anlayacağıq və bu gözəlliyə baxışımızla da belə, xələl gətirməməyə çalışacağıq.

Bütün aylarımız Sultan olsun!


Ceyhun Musaoğlu

AzNews.az

Bağla X