21:04
(077) 610-22-33

Əli Mirəliyev nazir olsa nə edər? – Müsahibə

  • >
1 429 22 Avqust 2012 12:58 | Cəmiyyət

“Nazir olandan sonra cəmi 4 aya şou-biznesimizi zir-zibildən təmizləyəcəm”


Son illərin qalmaqallı müğənnisi Əli Mirəliyevin AzNews.az-a müsahibəsi:


- İllərdir əksər şou-biznes əhli ilə qalmaqallarınız gündəmdən düşmür. Bu dava-dalaşların kökündə nə durur?


-Hal-hazırda oxuyanların 90%-i Azərbaycan musiqisindən xəbərsizdi. Əvvəllər bu kimi insanlar iki qrupa bölünürdülər: toy müğənnisi və bədii şuradan öz təsdiqini alan müğənnilər. Bu gün isə həmin toy müğənniləri hər gün televizorda, mətbuatda, konsertlərdədir. Bunlara da şəraiti yaradanlar kanal rəhbərləri və Mədəniyyət Nazirliyidir. Mikayıl Müşfiqin gül kimi mahnısını ələ salıb, hahah, hihihi edən birinə əməkdar artist verilirsə, mən nə deyə bilərəm...


- Sizin bəyənmədiyiniz insanların böyük fanat ordusu və sevənləri var. Bunu necə izah edə bilərsiz?

- Mənim şou-biznesdəki insanlara şəxsi qərəzim yoxdur, amma onlar bizim gəncliyi uçuruma aparır. Niyə Alim Qasımovun, Teymur Əmrahın, Azər Zeynalovun fanat ordusu yoxdur? Olar pis müğənnilərdir ki? Əksinə, bu gün Rəhim Rəhimlisi, Aygün Kazımovu, Elza Seyidcahanı gəncliyimizi məhvə sürükləyir. Gənclərin Röyadan və Aygündən öyrəndiyi ancaq ədəbsizlik və əxlaqsızlıqdır. Bizim gələcəyimizin təminatçıları onların geyim tərzinə, hərəkətlərinə, danışıqlarına baxıb, nə öyrənə bilər? Onlara xalq artisti, əməkdar artist adı verildikcə gənclər də həvəslənir, soyunub bir prodüserlə gəlirlər səhnəyə. Sonrada özlərinə sponsor tapıb qabağa gedirlər. Buna görə səhnəmiz bu gündədir.


- Sizin fikrinizə görə prodüser müğənni üçün nə qədər vacibdir?


- Əvvəlki müğənnilərdən hansının prodüseri olub? Alim Qasımova zəng edəndə özü cavab verir, eləcədə Azər Zeynalova. Bunlar boş və lazımsız işlərdir. Özlərinə prodüser tapmazdan öncə gedib musiqi təhsili alsınlar, öz sənətlərini inkişaf elətdirsinlər.


- Sizin tənqid elədiyiniz, sənətçi hesab etmədiyiniz adamların sizcə fəxri adlar alması nə ilə bağlıdır?


- Mən nə qədər qışqırsam da, hər kəs üstümə gəlirlər. Sanki mənim acığıma onları mükafatlandırırlar. Buda mahnı səhnəmizin başsız olmasından irəli gəlir. Mahnının başında bu gün kim durur? Heç kim. Səməd Səmədov mənə zəng edib təşəkkür edir ki, mənim sayəmdə xalq artisti titulunu alıb. Azərbaycandakı titulların hər birinin qiyməti var. Xalq artisti - 500 min manat, əməkdar artist – 300 min manat. Bu bizim ən böyük faciəmizdir, sabah Üzeyir Mehdizadə xalq artisti alsa, inanın ki, mən təəccüblənmərəm. Azərbaycan musiqisi böyük faciə ilə üzbəüz dayanıb.


- Çıxış yolunu nədə görürsünüz?


- Azərbaycan musiqisi bu gün alaq otları basmış sahəyə bənzəyir. Bu alaq otlarının arasında bir çox saf güllər əzilir... Məni bağban qoysalar, mən bütün alaq otlarını təmizləyərəm. Mən Cənab Prezidentimiz İlham Əliyevdən artıq dərəcədə xahiş edirəm ki, məni mədəniyyət naziri təyin etsin. Və söz verirəm ki, nazir olandan sonra ilk 4 ay ərzində bütün şou-biznesimizi həmin o alaq otlarından təmizləyəcəm, Azərbaycan musiqisinin səsi ən yüksək yerlərdən gələcək, necə ki, muğamımız bütün dünyanı fəth edəcək. Hal-hazırda musiqimizin basında musiqi haqqında anlayışı olmayan insanlar dayanıb. Ya məni nazir edin, yada Sovet vaxtında olduğu kimi Bədii Şura yaradılsın. İnanın ki, bu bizim şou-biznesimizin inkişafı üçün böyük tövhə olacaq. Körpülər salınır, yollar düzəlir, mənə izin verin şou-biznesimizi də çıxardaq bu kələkötürlükdən.


- Siz toyxana musiqilərinin əleyhinə olduğunu deyirsiz, amma "Toylar Kralı" kimi bir layihədə münsifsiz. Bunu necə başa düşək?


- "Toylar Kralı" sırf toyxanalar üçün yaradılmış bir müsabiqədir və bölgələrdən gələn insanları üzə çıxardırıq. Bir çox səviyyəsiz müğənnilər ortaya çıxa bildiyi halda, onlar niyə tanınmasın? Orda onlar fonoqramsız sənətlərini təqdim edirlər, öz səslərinin olduqlarını göstərirlər. İkinci, mən demirəm ki, toy müğənnilərini bəyənmirəm. Bəyənirəm, sadəcə onların titullarla təltif olunub, bütün günü səhnələrdən düşməməsinə pis baxıram.


Əminə

AzNews.az

Bağla X