09:48
(077) 610-22-33

Azərbaycan qızları evlilik adıyla əxlaqsızlığa sövq edilir - Araşdırma

  • >
1 493 22 Avqust 2012 13:36 | Cəmiyyət

Əcnəbilərlə qurulan ailələri hansı təhlükələr gözləyir?



Son zamanlarda ölkəmizdə qarışıq nikahların sayı artıb. Daha çox isə Azərbaycan xanımları evlilikdə əcnəbi kişilərə üstünlük verirlər. Bu məsələyə cəmiyyətin baxışı birmənalı deyil, əksər hallarda isə qəbul olunmazdır. Belə ki, bir qisim insanlar qarışıq nikahları milli dəyərlərin deformasiyası hesab edirlər. Həmçinin, getdiyi ölkənin adətlərinə uyğunlaşmamaq kimi psixoloji və hətta insan alverinin qurbanı olma kimi daha təhlükəli problemlər yarada biləcəyindən ehtiyat edirlər. Bu gün bütün bu məqamlara mütəxəssislərlə birgə aydınlıq gətirməyə çalışacağıq.


"İngilisi ona görə seçdim ki..."


Əcnəbi vətəndaşlarla ailə quran bir çox qadınlar belə evliliyin bütün hallarından xəbərdardırlar. Ancaq haqlı və ya haqsız olaraq düşünürlər ki, onları dinin, dilinin, irqinin və milliyyətinin fərqli olmasına baxmayaraq, məhz həmin insan xoşbəxt edə bilər. Məhz onunla uğurlu nikah qura bilər. Elə İngiltərə vətəndaşı ilə ailə quran Nora Allahverdi də bu fikirdədir və çox xoşbəxt olduğunu deyir: "Mənim onda xoşladığım və bizim kişilərdə çox az rast gəldiyim bir çox şey var. O, heç vaxt bilmədiyini danışmaz və heç kimin işinə qarışmaz. Nəsə barədə fikrini soruşsalar, açıq şəkildə həmin şəxsin özünə deyəcək. Həmçinin, o da, onun millətindən olanlar da heç vaxt insanların arxasınca danışmırlar. Xüsusilə də, onunla əlaqəsi, dostluğu və ya düşmənçiliyi olan insanlar haqqında pis şey danışmazlar. Həyat yoldaşının çox dil bilməsi, fərqli mədəniyyətlərdən xəbərdar olmasından onlar fəxrlə danışırlar, ancaq bizim kişilərin çoxu bunları haradan öyrəndiyi ilə maraqlanacaq. Bir şeyi də qeyd edim ki, bizim kişilər əylənməyə ya dostu ilə gedəcək, ya da 2-ci qadınıyla. Ancaq ingilislər elə deyil. Hara getsələr, həyat yoldaşı da yanındadır. Biz yaxın ölkələrə istirahətə gedəndə orda azərbaycanlı kişilərin yanında ya rus qızları, ya da ümumiyyətlə, tək görürük. Biz o kişilərə yaxınlaşıb, ailəsinin harada olduğunu soruşanda, yarızarafat deyirlər ki, arvadın nə işi var burda, belə yer arvad-uşaq üçün deyil. Ya da yanındakı rus qızını göstərir ki, bununla gəlmişəm". Deməli, bütün bu keyfiyyətlər seçim zamanı əcnəbi kişini azərbaycanlı kişidən üstün hesab etməyə əsas verir.


Evlilikdə xarici amil


Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru, "Qarışıq nikahların sosial-psixoloji təhlili" adlı tədqiqat əsərinin müəllifi Əbülfəz Süleymanlının məsələylə bağlı fikrini öyrəndik. Həmin tədqiqatın nəticəsinə əsasən sosioloq qeyd etdi ki, qarışıq nikahları iki qrupa bölmək olar: "Birincisi, sevgi amili üzərində ailə quran, ikincisi isə müəyyən maraqları səbəbiylə ailə quran şəxslər. Buraya maddi maraqlar, xarici ölkədə yaşamaq istəyini əlavə etmək olar. Eyni zamanda, hər hansı bir xanım uzun müddət heç bir şəxslə ailə həyatı qura bilmir və qarşısına ilk çıxan əcnəbi vətəndaşın evlilik təklifini qəbul edib, evlənir. Bunu da bir səbəb kimi göstərmək olar. Biz tədqiqat zamanı xarici vətəndaşla ailə quran şəxslərin düşüncəsini, necə bir ailədə yetişməsini, həmin şəxslə necə tanış olduğunu və s. məsələləri araşdırdıq. Nəticədə məlum oldu ki, əvvəllər düşündüyümüz kimi, tək rusdilli təhsil almış, fərqli düşüncəli şəxslər əcnəbilərlə ailə qurmurlar. Həmçinin, Azərbayacan dilində təhsil alan, hətta ucqar kənd yerlərində yaşayan xanımlar da xarici ölkənin vətəndaşı ilə evlənirlər. Bu da təbii ki, qloballaşmanın, internetin, kommunikasiya texnologiyalarının inkişafı ilə bağlıdır".

Qarışıq nikahın qaçılmaz problemləri


Sosioloqun fikrincə, əcnəbilərlə evlənənlər çox vaxt problemlərlə üzləşir: "Bu nikahların uğurluluq səviyyəsinə nəzər yetirdiyimiz zaman görürük ki, heç də bütün nikahlar uğursuz deyil. Lakin burda istər-istəməz mədəni faktorlar özünü açıq şəkildə büruzə verir. Belə ki, sonrakı ailə həyatında xırda münaqişələrin ortaya çıxması, münasibətlərin tənzimlənməsində, uşaqların tərbiyəsində, hətta ad verilməsində mədəni fərqlilikdən irəli gələn problemlər ortaya çıxır. Bütün bu problemlərdən qaçmaq mümkün olmur. Lakin qurulan ailənin təməlində sevgi durursa, elə problem olmaz. Ancaq digər amillər üstünlük təşkil edib arada anlaşılmazlıq olarsa, mədəni faktorlar özünü daha çox göstərərsə, bu zaman ailələr uğursuzluqla sonlanır. Məsələn, belə bir təsnifat aparsaq, bizə mədəni mühitcə nisbətən yaxın olan Türkiyə, Güney Azərbaycandan olan soydaşlarımızla evlənənlərdə elə də ciddi problemlər yaranmır. Lakin bir qədər fərqli mühitdə yetişən bir əcnəbi ilə evlənən zaman sonrakı dövrdə ailə həyatında üzə çıxan problemlər olur. Onu da qeyd edim ki, belə ailələrdə böyüyən uşağın tərbiyəsi, hansı məktəbdə təhsil alması, hansı dildə danışması məsələləri də vacibdir. Bu da çox vaxt mübahisəyə səbəb olur.".

Azərbaycan qızları niyə əcnəbi kişilərə meyl edir?


"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova isə deyir ki, əcnəbilərə meyl edilməsinin səbəbləri ildən-ilə dəyişir: "Bu mövzu ilə bağlı bir neçə il əvvəl tədqiqat aparmışam. Ancaq baxıram ki, artıq qızların xarici vətəndaşlarla ailə qurmaq məqsədləri dəyişib. Ola bilər ki, biri xarici ölkədə təhsil alır, o münasibətlər əsasında tanış olur... Bir çox qadınlar belə hesab edirlər ki, əcnəbilərlə ailə qurmaq onun gələcəyinin təminatıdır, onun ailəsi daha möhkəm olacaq. Bəziləri düşünür ki, əcnəbilər iqtisadi cəhətdən daha stabildir, nəinki bizimkilər. Bununla yanaşı, bəzilərinin intellekt, təhsil səviyyəsi onda elə bir fikir yaradıb ki, Azərbaycan oğlanları intellekt baxımından onunla uyğunlaşmır. Bir çoxları düşünür ki, xarici ölkələrdə insan haqları daha yaxşı qorunur. Əgər ailə qursa, o da müdafiə olunacaq, bəziləri isə ailədə zorakılığa məruz qaldıqda əcnəbi ilə ailə qurmağı seçir. Əlbəttə, burada həqiqi sevgi də, sosial maddi maraqlar da ola bilər".

İnsan alverinin qurbanına çevrilməmək üçün…


Azərbaycanlı xanımların bütün bu arzu-istəklərinə baxmayaraq, bəzi hallarda bu maraqlar onun gələcəyinin məhvinə səbəb olur. Belə ki, bəzən məqsədli şəkildə əcnəbi vətəndaşlar xanımlarımızla evlənir və onları insanın alverinin qurbanına çevirir, əxlaqsızlığa sövq edirlər. Əbülfəz Süleymanlının fikrincə də, bir sıra əcnəbilər xanımların xoş niyyətlərindən sui-istifadə edirlər: "Ancaq bəzi xanımlar onlardan ilk təklif gələn kimi həmin şəxs haqqında heç bir araşdırma etmədən, tanımadan, xasiyyətinə bələd olmadan razılıq verib, evlənirlər. Təəssüflər olsun ki, buna görə də insan alverçilərinin qurbanına çevrilirlər. Onun üçün də ən yaxşısı, həmin insanı bir müddət tanımaq, onun niyyətinin nə dərəcədə ciddi və təmiz olduğunu bildikdən sonra evlənməkdir. Həmçinin, bir sıra fərqlilikləri də nəzərə almaq və bu sahədə mütəxəssislərlə məsləhətləşmək yaxşı olardı. Çünki son dövrlərdə nikahların pozulması halları artmaqdadır. Ona görə də, bu məsələlərə daha da diqqət

Mehriban Zeynalova hüquqi məsələlərlə yanaşı psixoloji aspektlərdən də problemlər yaşana biləcəyini əlavə etdi: "Məsələn, bizim gündəlik həyatımızda alışdığımız adətlərimiz, ənənələrimiz var. Digər bir ölkədə isə bunlar olmayanda bəzi psixoloji yükləmələr olur. Biz həmin ölkənin adətlərinə uyğunlaşa bilmirik və bütün bunlar hətta depressiyaya da səbəb ola bilir. Bunu gözə almaq lazımdır, çünki bəzən qızlar bu barədə yox, sadəcə sevgi haqqında düşünürlər. Sonradan da bəzi məişət, sosial və psixoloji problemlər ortaya çıxır. Başqa bir məsələ, belə ailələr bəzən cinayətkarlar tərəfindən qurulmuş bir oyun olur və onlar insan alverinin də qurbanına çevrilə bilirlər".


Dinimiz nə deyir...

Məsələnin dini tərəfini də öyrənmək üçün ilahiyyatçı Mirpaşa Bayramovla söhbətləşdik. M.Bayramov bildirdi ki, xarici vətəndaşla ailə qurmaqda qəbahətli bir şey yoxdur. Ancaq həmin şəxsin müsəlman olması vacibdir: "Xanımın əgər ailə qurduğu şəxs müsəlmandırsa, onun Türkiyədə, Səudiyyə Ərəbistanında və ya digər ölkədə yaşamasından, yəni xarici vətəndaş olmasından asılı olmayaraq ailə qura bilərlər". İlahiyyatçı qeyd edir ki, İslamda müsəlman qızların qeyri-müsəlmanla ailə qurması haram buyurulur.


Beləliklə, qarışıq nikahların uğurlu və uğursuz məqamları var. Qarışıq nikahlar arasında sevgi üzərində qurulub xoşbəxt yaşayan ailələr olsa da, bir çox psixoloji və hüquqi problemlərin mövcud olması da danılmazdır. Əsasən də xanımların insan alverinin qurbanına çevrilməsi və əxlaqsızlığa sövq edilməsi məsələnin ən ciddi tərəfidir. Bu mənada bütün hallarda diqqətli və ehtiyatlı olmaq vacibdir.


Sevinc Fədai

AzNews.az


Bağla X