Nazir fermerlərə traktorlar verdi

Kənd təsərrüfatı naziri Heydər Əsədov 28 fevral tarixindən 2 mart tarixədək Gəncə şəhəri və Göygöl rayonunda səfərdə olub.

Nazirlikdən verilən məlumata görə, səfər çərçivəsində Heydər Əsədov "Aqrolizinq" ASC-nin Gəncə Rayonlararası Təchizat Bazasında yeni alınmış "MTZ" markalı traktorların təqdimat mərasimində iştirak edib. Fermer və sahibkarları salamlayan nazir Heydər Əsədov Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan, xüsusilə də ölkə başçısı tərəfindən ayrılmış vəsaitlər hesabına ən müasir kənd təsərrüfatı texnikalarının ölkəmizə gətirilməsi, sahibkarlara çatdırılması barədə ətraflı məlumat verib.

Təchizat bazasında Heydər Əsədov respublikamızın müxtəlif bölgələrini əhatə edən xüsusi kurs keçmiş insanlara lizinq yolu ilə satılan 32 ədəd traktorun sənədlərini təqdim edib.

Fermer və sahibkarlar onlar üçün yaradılmış bu şəraitə görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildiriblər.

Həmin gün nazir Heydər Əsədov Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasının, Bitkilərin Rayonlararası Karantin Məntəqəsinin və Bioloji laboratoriyanın kollektivi ilə görüşüb. İş prinsipləri ilə tanış olan nazir stansiyanın və məntəqənin müasir tələblər səviyyəsində qurulması üçün öz məsləhət və tövsiyələrini verib.

Daha sonra nazir Azərbaycan Dövlət Aqrar Universitetinin tədris bazası ilə tanış olub, pedoqoji kollektivi ilə görüşüb. Görüşdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Respublikamızda kənd təsərrüfatı mütəxəssisləri hazlırlayan bu yegabə ali təhsil ocağının perspektivləri müzakirə edilib.

1 mart tarixdən Göygöl rayonunda səfərdə olan nazir, Respublika Süni Mayalanma Mərkəzinin iş prinsipi ilə tanış olub, məsləhət və tövsiyələrini verib. Daha sonra nazir ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morniqstar ilə birgə ABŞ hökumətinin maliyyə dəstəyi ilə təmir edilmiş Göygöl Zona Baytarlıq Laboratoriyasının açılış mərasiminə qatılıb.

Həmin gün Heydər Əsədov və nazirliyin nümayəndələri Göygöl rayonunda yerləşən Biokombinatla tanış olub, perspektiv imkanlar müzakirə olunub. Azərbaycan Elmi-tədqiqat Bitki Mühafizəsi və Aqromexanika İnstitutunun alimləri ilə görüşən nazir alim-fermer münasibətlərinin daha da inkişaf etdirilməsi üzrə ətraflı fikir mübadiləsi aparıb.

AzNews.az