11:24
(077) 610-22-33

Nurçu deputatlarımızın menyusuna…

  • >
1 433 3 Mart 2014 21:55 | Cəmiyyət

Son dönəmlər Türkiyədə baş verən hadisələrin bir ucu Azərbaycana da gəlib çıxdı. Baş verənlər heç də Türkiyə şınırlarında qalmadı. Nurçuların fəaliyyətində Azərbaycan da əsas hədəf və halqalardan biri kimi gündəmə gəldi. Milli Məclisdən tutmuş Prezident Administirasiyasına qədər nurçular tərəfindən ələ alınan, maliyyələşən insanların olduğu iddiaları yayıldı. İş o yerə çatdı ki, ölkənin qanunverici orqanının toplantısında millət vəkillərinin məhz bu təriqətdən pul aldığı açıqlandı.
Baş verənlərin mənəvi və psixoloji yönünü bir yana qoyub sırf dövlət mənafeyi baxımından baxsaq, bu çox təhlükəli haldır.
Millət vəkili Qənirə Paşayeva adının nurçularla hallandırılmasından sonra Feysbuk sosial şəbəkəsindəki profilində yazdığı statusda bildirdi ki, o, bu təriqətin üzvü deyil. Millət vəkili nurçuların təşkil etdiyi tədbirdə çıxış etməyin zərərsiz olduğunu onunla əsaslandırdı ki, o, hər zaman müxtəlif yerdə tanınmış adamlar haqqında danışa bilər. Amma unutmaq olmaz ki, Fətullah Gülənin kimliyi bəllidir və bu adamın Türkiyə dövləti içində bir dövlət yaratmaq iddiasında olduğunu demək olar ki, bilməyən yoxdur. Bir fərd olaraq istədiyin tədbirdə iştirak etmək bəlkə də qəbahət deyil, amma Milli Məclisin vəkili kimi daha seçici davranmaqda məncə, fayda var.
Nurçulardan pul alan millət vəkili kimi adı hallanan Çeyhun Osmanlı da sosial şəbəkədə status yazaraq bildirdi ki, sovet və Azərbaycan ensiklopediyalarını vərəqləsə də, nurçular haqqında bir məlumata rast gəlməyib. Millət vəkili qeyd edir ki, əgər belə bir təriqət varsa da, onun təhlükəliliyi haqqında məlumata sahib deyil. Ceyhun Osmanlı Azərbaycanda nurçu axtarışını ABŞ-ın İraqda kimyəvi silah axtarması ilə müqayisə edib. Amma millət vəkili unudur ki, nurcular kimyəvi silahlar kimi təhlükəli olsalar da, onlar kimi gizli deyillər. Tam aşkar fəaliyyət göstərirlər və əgər silahlar insanları fiziki cəhətdən məhv edirsə, hansısa hakimiyyət iddiasına düşən, o dünyanı deyil, bu dünyanı seçən təriqətlər əlbəttə ki, təhlükəlidirlər. Bir valideynin böyütdüyü övladı ondan alıb tam özününküləşdirərək istədiyi şəkildə yönləndirən, bir dövlət içində qruplaşmalar yaradaraq onun vahid güc olmasına əngəl yaradan, mənəvi-əbədi aləmdən əl götürüb, maddi-fani dünyada hakimiyyət eşqinə düşən din adına iddialı təriqət niyə təhlükəli sayılmasın?
Fətullahçılara aid Çağ Öyrətim İşlətmələrində övladı təhsil alan insanlar tanıyıram. Bu uşaqlar hətta məktəbi bitirdikdən sonra peşəni də məhz müəllimlərinin təlimatı əsasında seçir. Bu məzunlar Azərbaycan dövlətinin vəsaiti hesabına xaricdə təhsil alırlar. Özü də mexanizm elə qurulub ki, daha dövlət orqanlarına kimisə yerləşdirməyə ehtiyac yoxdur, çünki xaricdə təhsil alanlar müqaviləyə əsasən mütləq Azərbaycana qayıdıb burada dövlət orqanlarında çalışmalıdırlar.
Təxminən iki il öncə Rusiyada Gülən məktəblərinin bağlanması, bunun ardından ABŞ-da eyni tipli məktəblərin yoxlanılması məgər deputatlarımıza, Milli Məclis kimi mötəbər qurumun üzvlərinə nəsə demir?
Nurçuların təhlükəsindən xəbərsiz olduğunu deyən millət vəkilləri böyük dövlətlərin tədbir almasını xatırlasalar, təhlükənin nə səviyyədə olduğunu və ümumiyyətlə, bu tip təriqətçiliyin hansı fəsadlar verə biləcəyini bilmələri üçün kitablar vərəqləməyə ehtiyac qalmaz. Bunu təsadüfən demədim. Çağ Öyrətimdə oğlu oxuyan bir ananın sözlərini xatırladım: "Mənim oğlum daha mənimki deyil, Fətullah Gülənin oğludur". Bir ananın yana-yana dediyi sözlər məgər təhlükənin nə dərəcədə böyük olduğundan xəbər vermirmi?..

Zümrüd Yağmur
Bağla X