15:30
(077) 610-22-33

Rusiya-Ukrayna münasibətləri parlamentdə QALMAQAL yaratdı

  • >
1 087 4 Mart 2014 11:47 | Cəmiyyət

Milli Məclisin bu gün keçirilən iclasında deputatlar Ukrayna-Rusiya qarşıdurmasına münasibət bildiriblər.

Millət vəkili Fərəc Quliyev parlamentin bu gün keçirilən plenar iclasında Ukraynada baş verən hadisələrə toxunub. O qeyd edib ki, beynəlxalq təşkilatlarda Ukrayna Azərbaycanın problemlərinə laqeyd yanaşmayıb: "Biz də ən azında AVRONEST PA-nın sessiyasında çıxış edə bilərik. Krımda baş verənlər işğaldır. Bizdən asılı olmayaraq, dünya bunu belə qəbul edib. Təklif edirəm ki, Azərbaycan-Ukrayna və Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun üzvləri iclas keçirsinlər və həmin qrupun üzvləri Ukrayna və Rusiyaya ezam olunsunlar.

Biz bu məsələlərdə seyrçi mövqeyində qalarıqsa, gələcəkdə beynəlxalq instansiyalarda Qarabağ məsələsinin müzakirəsi zamanı Ukrayna tərəfindən soyuq münasibətlə qarşılaşa bilərik".

Millət vəkilinin fikrincə, Azərbaycan barışdırıcı missiya ilə öz səylərini ortaya qoymalıdır.

Milli Məclisin sədri Oqtay Əsədov isə parlamentdə bu məsələyə münasibət bildirilməsini düzgün hesab etməyib. O, qeyd edib ki, Rusiya və Ukrayna dost ölkələrdir və öz problemlərini özləri həll edəcəklər:

"Rusiya və Ukrayna dost, qardaş ölkələrdir. Hər hansı bir narazılıq yarandıqda onlar bunu öz aralarında həll edə bilərlər. Ukraynda 300 minə yaxın azərbaycanlı yaşayır. 2 milyona yaxın azərbaycanlı isə Rusiyada yaşayır. Biz bu məsələlərin danışıqlar, sülh yolu ilə həllinin tərəfdarıyıq. Azərbaycan öz mövqeyini həmişə ortaya qoyub və bildirib ki, bütün dövlətlərin sərhədlərinin toxunulmazlığını və ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcək. Bunu vurğulamaq, kiməsə qarşı söz çıxarmaq lazım deyil. Heç Ukraynadakı deputatlar dostluq qrupunda kim qalıb, kim qalmayıb, heç xəbərləri yoxdur".

Spiker bildirib ki, bütün ölkələr, dövlətlər Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Burada danışıldığı kimi, nə ordu yeridilib, nə bir şey edilib: "Rusiyanın öz narahatçılığı var. Orada rusdilli xalqlar yaşayır. Onlar özləri böyük və qohum dövlətlərdir, onlar özləri aralarında məsələləri həll edəcəklər. Hələ həll etməmiş biz burdan deyirik ki, qrup göndərək, qrup çağıraq. Biz az hövsələniz olsun".

Deputat Etibar Hüseynov bildirib ki, Azərbaycan bayrağının Kiyevdə Maydanda dalğalanması düzgün deyil. Onun fikrincə, Rusiya televiziya kanalları bunu göstərirlər, sonra da bu, Azərbaycana qarşı qıcıq yaradır: "Ona görə də yaxşı olar ki, qanunvericiliyə dəyişiklik edək ki, həç kəs istədiyi kimi Azərbaycan bayrağını dalğalandıra bilməz".

Buna münasibət bildirən spiker Oqtay Əsədovun cavabı sərt olub: "Ay Etibar Hüseynov biz kimə qadağa qoya bilərik? Səfirlik gedib orada kimisə deyəsi deyil ki, bayrağı qaldırma!"

AzNews.az
Bağla X