Zərdabda müayinə fırıldağı


Zərdabda əhalinin ümumi profilaktik müayinəyə cəlb olunmasında ciddi narazılıq yaranıb. Rayonun bir qrup sakinindən AzNews.az-a daxil olan məlumatda bildirilib ki, müayinə adı ilə xəstəxanaya cəlb olunurlar, lakin onlar həkimlər tərəfindən aldadılırlar:

"Prezidentin tapşırığı ilə fevralın 17-dən mayın 1-dək respublika əhalisinin ümumi profilaktik müayinəyə cəlb olunması aksiyası keçirilir. Zərdabda da bu aksiya Rayon Mərkəzi Xəstəxanasında təşkil edilib. Xəstəxanada vətəndaşlar müayinə olunmaq əvəzinə, onlardan jurnala imza atmaq tələb olunur. Xəstəxanada deyirlər ki, biz sizi bura yalnız jurnala qol çəkdirmək üçün çağırmışıq, müayinə üçün yox".

Zərdab rayon İcra Hakimiyyəti başçının birinci müavini Allahverdi Səfərov da bu cür şikayətin onlara daxil olduğunu söyləyib: "Belə bir şikayət bizə daxil olduqdan sonra əməkdaşlarımız dərhal Mərkəzi Xəstəxanada oldular. Araşdırma zamanı məlum oldu ki, vətəndaşların şikayəti əsassızdır".

Onun sözlərinə görə, rayon xəstəxanasında hər gün 300-dən artıq vətəndaş adıçəkilən kampaniya çərçivəsində müayinədən keçirilir: "Bu proses rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev tərəfindən ciddi nəzarətdə saxlanılır. İcra Hakimiyyətinin iki əməkdaşı daim xəstəxanada aparılan müayinə aksiyasına nəzarət edir".

Amid Əyyuboğlu
AzNews.az