MTN-in “Bank of Baku” əməliyyatında İran izləri

Bir neçə saat əvvəl "Qafqazinfo"da "Bank of Baku"nun Müşahidə Şurasının sədri Elçin İsayevin həbsi ilə bağlı xəbər yayımlanmışdı. Xəbərdə bildirilirdi ki, bank rəhbəri Elçin İsayev çirkli pulların yuyulmasında və İrandakı şərikləri ilə qanundankənar əlaqələrdə şübhəli bilinir. Həmçinin bu həbsin Azərbaycan dövlətinin son günlər eksterimist dindarlara qarşı həyata keçirdiyi sərt tədbirlər çərçivəsində həyata keçirildiyi qeyd olunmuşdu . Daha sonra məlumatda "Bank of Baku"nun adı Türkiyədə bir müddət əvvəl həbs olunan və ötən həftə azadlığa buraxılan Rza Zərrabla əməkdaşlıqda hallandığı da yer almışdı.


Qeyd edək ki, "Bank of Baku" bir sıra portallar və agentliklər vasitəsi ilə "Qafqazinfo"da yayımlanan informasiyanın doğru olmaması ilə bağlı açıqlamalar versə də, günün sonunda xəbərimiz öz təsdiqini tapdı.

Virtualaz.org saytı isə hadisə ilə bağlı bəzi detalları əldə edib. Sayt mötəbər mənbələrinə istinadən müəyyən edə bilib ki, "Bank of Baku"nun əsl sahibi Türkiyədə yaşayan İran doğumlu azərbaycanlı iş adamı Rza Zərrabın bacısının həyat yoldaşıdır. Şəhram adlı bu iş adamı da İran pullarının Azərbaycanda yuyulmasında iştirak edib. Bu da Azərbaycan xüsusi xidmət orqanlarının diqqətini cəlb edib. Hüquq-mühafizə orqanlarına yaxın mənbənin bildirdiyinə görə, iki gün əvvəl bankda xüsusi əməliyyat keçirilib.

Nəticədə bankın rəhbərliyində təmsil olunan şəxslər, o cümlədən Elçin İsayev saxlanılıblar: "İsayevin bankda guya operativ əməliyyat olması barədə bugünkü bəyanatı həqiqətəuyğun deyil. İstintaq və araşdırmalar "İran izi" və pul yuyulması faktı ilə bağlı aparılır. Bu qanunsuz əməliyyat Rza Zərrabla əlbir aparılıb". Məlumata görə, bankda yaxın günlərdə daha irimiqyaslı yoxlamalar başlayacaq. Şübhəlilər arasında Şəhram adlı iş adamı da var.

Yada salaq ki, Türkiyə hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı istintaq nəticəsində Rza Zərrabın başçılıq etdiyi biznes-sxemin sayəsində İran Qərbin tətbiq etdiyi sansksiyalardan yayına bilmişdi. Onun Şəhramla birgə təşkil etdiyi şirkətlər İran pullarının yuyulmasını təmin etdmişdi. Bu əməliyyatlarda "Bank of Baku"ya da rol verilmişdi.



AzNews.az