Ədliyyə naziri Şamaxıda vətəndaşları qəbul etdi

Martın 5-də ədliyyə naziri Fikrət Məmmədov bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Şamaxıda Heydər Əliyev Mərkəzində Şamaxı şəhərində, Qobustan, Ağsu və digər rayonlarda yaşayan vətəndaşların qəbulunu keçirib.

Ədliyyə Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirin qəbuluna yazılış qabaqcadan başlanılmış, nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq birbaşa yazılmaq imkanı yaradılıb.

Qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Şamaxı Şəhər İcra Hakimiyyətinin başçısı Asif Ağayev ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstəsi qoymuş, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlər ilə bağlı hər bir vətəndaş diqqətlə dinlənilmiş, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmış, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılmış, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

AzNews.az