05:48
(077) 610-22-33

“Tibbi sığorta haqqında“ qanuna dəyişiklik edilir

  • >
720 5 Mart 2014 17:00 | Cəmiyyət

"Tibbi sığorta haqqında" qanuna əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulur. Bununla bağlı Milli Məclisdə qanun layihəsi hazırlanıb.

Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında həmin qanun layihəsi müzakirə olunub. Komitənin sədri Hadı Rəcəbli bildirib ki, dəyişikliklər qanun yaradıcılığı texnikası baxımından digər qanunlara uyğunlaşdırma məqsədi ilə edilir.

İclasda qeyd edilib ki, "Tibbi sığorta haqqında" qanunun 13-cü maddəsinin ikinci hissəsi yeni redaksiyada veriləcək. Həmin hissəyə əsasən, tibbi sığorta təşkilatı sığorta əməliyyatları üzrə fəaliyyətinin sabitliyini təmin etmək üçün "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta ehtiyatlarını formalaşdırmalıdır.

Bundan əlavə, qanuna bir sıra texniki xarakterli dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Təklif olunur ki, 16-cı maddənin beşinci hissəsində "qanunvericiliyində müəyyən edilmiş qaydada məhkəmə tərəfindən" sözləri "qanunları ilə müəyyən edilmiş qaydada, o cümlədən, məhkəmə qaydasında" sözləri, 17-ci maddədə isə "qanunvericiliyə uyğun olaraq" sözləri "Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda" sözləri ilə əvəz olunsun.

Komitənin sədr müavini Musa Quliyev bildirib ki, dəyişikliklər texniki xarakterli olsa da, sadə məsələ deyil: "Məsələn, qanunun 13-cü maddəsində indiyədək tibbi sığorta təşkilatının sabit fəaliyyətini təmin etmək üçün ona səlahiyyət verilirdi ki, istəsə və ya bacarsa, müvafiq qaydada ehtiyat fondu yarada bilər. İndiki dəyişiklik isə həmin ehtiyat fondlarının yaradılmasını məcburi edir. Onun fikrincə, bu, icbari tibbi sığorta təşkilatının işə düşməsinə stimul yaradır".

H.Rəcəbli qeyd edib ki, millət vəkilləri "Tibbi sığorta haqqında" qanuna hələ bir neçə dəfə qayıtmalı və qanuna əlavə və dəyişikliklər etməli olacaqlar.

Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

AzNews.az
Bağla X