Məhkəmə-hüquq islahatlarında yeni mərhələ başlayır

Azərbaycan Respublikası Prezidentinin "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında 2014-cü il fevral ayının 13-də imzaladığı sərəncam Məhkəmə-hüquq islahatlarında yeni mərhələnin başlanmasına start vermişdir. Sərəncamda qeyd edildiyi kimi, müasir texnologiyaların məhkəmələrin fəaliyyətində tətbiqi məhkəməyə müraciət imkanlarının genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin edilməsinə xidmət edəcəkdir.
"Elektron məhkəmə" informasiya sisteminin yaradılması ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsinə xidmət edəcəkdir. "Elektron məhkəmə" informasiya sisteminin yaradılması ilə məhkəmə hakimiyyəti haqqında hər hansı mənfi fikirlərin formalaşmasına son qoyulmaqla insanların ədalət mühakiməsinə inamını artıracaqdır.

Xüsusilə ərizə, şikayət və digər sənədlərin elektron formada qəbulu, məhkəməyə daxil olan işlərin hakimlər arasında avtomatlaşdırılmış qaydada bölgüsünün aparılması, məhkəmə prosesində iştirak edən şəxslərə məlumatların elektron qaydada (elektron poçt, SMS məlumatlandırma və s.) çatdırılması, məhkəmə proseslərinin audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınması və prosesi onlayn rejimdə müşahidə etmək imkanının yaradılması, qəbul edilən məhkəmə qərarlarının icraya yönəldilməsi və icra prosesinin izlənilməsi, "Elektron hökumət" portalı və Azərbaycan Respublikasının Baş Prokurorluğunda tətbiq olunan informasiya sistemi ilə inteqrasiyanın təmin edilməsi, məhkəmə statistikasının elektron qaydada aparılması, məlumatların sistemləşdirilmiş şəkildə elektron qaydada saxlanılmasının təmin edilməsi və s. qaydalar məhkəmə hakimiyyətində yeni iş formatına keçidin başlanılmasından xəbər verir.

İnanırıq ki, Azərbaycan Prezidentinin sərəncamından irəli gələn tapşırığına əsasən "Elekton məhkəmə" informasiya sisteminin təşkilini və fəaliyyətini birgə təmin etmək məqsədilə "Elekton məhkəmə" informasiya sistemindən istifadə qaydalarını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Ağentliyi tezliklə müəyyən edəcəklər.

Həmçinin sərəncama əsasən "Elekton məhkəmə" informasiya sisteminin fəaliyyətini təmin etmək məqsədilə qanunvericilik aktlarına dəyişiklik edilməsi barədə təkliflər 3 ay müddətində Nazirlər Kabineti tərəfindən hazırlanaraq cənab Prezidentə təqdim ediləcəkdir.

Cənab Prezidentin "Elektron məhkəmə" siyasətinin reallaşmasında hakimiyyətin hər üç qolu - icra, məhkəmə və qanunverici hakimiyyət birgə fəaliyyət göstərməklə üzərlərinə düşən vəzifələri və tapşırıqları layiqincə və səmərəli qaydada yerinə yetirməlidirlər.
Belə hesab edirəm ki, "Elekton məhkəmə" informasiya sisteminin yaradılması haqqında cənab Prezidentin məlum sərəncamının həyata keçirilməsi ilə bağlı ən çox iş yükü Məhkəmə-Hüquq Şurasının üzərinə düşsə də, onlar bu sərəncamın həyata keçməsini layiqincə təmin edəcəklər.

Çingiz QƏNİZADƏ,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü