16:13
(077) 610-22-33

“Bank of Baku” ətrafında qalmaqalın sirri

  • >
1 868 6 Mart 2014 11:00 | Cəmiyyət

Bildirmişdi ki, əsas səhmdarlardan olan "Nab Dıs Ticaret" Türkiyədə yaşayan iranlı iş adamları Eromi ailəsinə məxsusdur

Artıq iki gündür ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən "Bank of Baku"da əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi barədə məlumat yayılıb.

"Qafqazinfo"nun yazdığına görə, "Bank of Baku" ASC-nin Müşahidə Şurasının sədri Elçin İsayev həbs olunub. Bank rəhbərliyini İran vasitəsilə çirkli pulların yuyulmasında ittiham olunduğu deyilir.

Təkziblər…

Lakin xəbər saytalarında yer alan bu informasiya rəsmi olaraq təsdiqini tapmadı. "Bank of Baku"-nun rəsmi açıqlamasında Müşahidə Şurasının sədrinin həbsinə dair yayılan məlumatın əsassız olduğu deyilir: "Bankın Müşahidə Şurasının sədri Elçin İsayev heç bir dövlət orqanı tərəfindən saxlanılmayıb. Yayılan məlumat tam əsassızdır və həqiqəti əks etdirmir. "Müşahidə Şurasının sədri Elçin İsayev normal bank fəaliyyətini davam etdirir".

Dünən Elçin İsayevin özü "APA"ya verdiyi müsahibəsində bildirib ki, onu həbs etməyiblər və hazırda da iş başındadır: "Bir müddət öncə bizim təşəbbüsümüzlə dövlət idarələri bankda yoxlamalar aparıblar. Onları biz dəvət etmişik və şəffaf yoxlamalar üçün tam şərait yaratmışıq. Bu, normal bir haldır. "Bank of Baku" vaxtaşırı audit yoxlamalarından keçir, vergi nəzarəti orqanları və Mərkəzi Bank tərəfindən planlı yoxlamalar aparılır. Qeyd edim ki, 2013-cü il ərzində "Bank of Baku" vergi nəzarəti orqanları, Mərkəzi Bank, həmçinin xarici auditor təşkilatlarının yoxlamalarından uğurla keçib. Yoxlamalar bankda şəffaflığın qorunmasını təmin edir və müştərilərimizin etibarını daha da yüksəldir. Yəni, bu, normal bir praktikadır və burada başqa məqamlar axtarmaq lazım deyil".

Qeyd edək ki, portallarda bu xəbər yer alandan sonra bankın lisenziyasının ləğv olunacağı və fəaliyyətinin dayandırılacağı ilə bağlı şərhlər yer almağa başladı. Deyilənlərin nə dərəcədə əsaslı olduğunu öyrənmək üçün Azərbaycan Mərkəzi Bankına müraciət etdik. AMB günün sonunda suallarımızı cavablandıraraq, belə bir açıqlama göndərdi: "Son günlərdə bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Mərkəzi Bankı tərəfindən guya "Bank of Baku" ASC-nin lisenziyasının geri çağırılması ilə bağlı məlumatlar verilməkdədir. Bildiririk ki, "Bank of Baku" ASC-nin maliyyə vəziyyəti sabitdir, likvidlik mövqeyi yüksəkdir, kapitallaşma səviyyəsi adekvatdır. Bankın əmanətçiləri və kreditorlarının narahatlığına səbəb ola biləcək heç bir əsas yoxdur.

Bununla əlaqədar, Mərkəzi Bank bir daha bildirir ki, "Bank of Baku" ASC normal fəaliyyətini davam etdirir, bankın lisenziyasının geri çağırılması məlumatı həqiqətə uyğun deyil və bu məsələ ümumiyyətlə gündəlikdə deyil".

Başı bəlalı bank

Adıçəkilən bank ətrafında çirkli pulların yuyulması ilə bağlı qalmaqallı xəbərlər mətbuatda ilk dəfə deyil yer alır. 2010-cu ildə "Wikileaks"də "Bank of Baku"nun iranlı iş adamları tərəfindən idarə olunduğunu və İrandan xarici ölkələrə çirkli pulların çıxarılmasında iştirak etdiyi yazılırdı. Lakin sonradan bank bu məlumatı təkzib etmişdi. Bildirmişdi ki, əsas səhmdarlardan olan "Nab Dıs Ticaret" Türkiyədə yaşayan iranlı iş adamları Eromi ailəsinə məxsusdur. Eromi ailəsinin üzvləri həm Azərbaycanda, həm də ölkədən kənarda tanınmış və nüfuzlu iş adamlarıdırlar".

Daha sonra bankın təsisçilərinin adı Türkiyədə məşhur rüşvət əməliyyatında hallandı. Belə ki, rüşvət ittihamı ilə həbs edilən azərbaycanlı iş adamı Rza Zərrabın istintaq ifadələrindən sonra Türkiyə hüquq-mühafizə orqanları "NAB Holding"in fəaliyyətini araşdırmağa başlamışdı. Türkiyə mətbuatı R.Zərrabın holdinqin səhmdarlarından biri olduğunu yazmışdı. İrandan qanunsuz pulların çıxarılmasında məhz holdinqə məxsus olan "Bank of Baku"nun da adı çəkilirdi. Lakin "NAB Holding" bununla bağlı təkzib verərək, R.Zərrabla hər hansı bir iş birliyində olmadığını açıqladı. Göründüyü kimi, bank hələ ki, adını bütün bu qalmaqallardan təmizə çıxarmağı bacarıb.

"Bank of Baku" kimə məxsusdur?

Bankın saytında yerlə alan 2012-ci ildə dair audit hesabatında (payçılar belə bölünür: "Nab Holding" (40%), "Azpetrol Neft Şirkəti" MMC (28,89), Rafiq Əliyev (11,22%), Elçin İsayev (10%) və "Azinvest" MMC (9,9%). Belə aydın olur ki, bankın 40 faizi iranlıların idarə etdiyi türk kompaniyasına məxsusdursa, qalan 60 faizə sabit iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyev sahiblik edir. "NAB holding"in vaxtılə Azərbaycanda bir çox sahələrdə geniş kök salmasında Fərhad Əliyevin böyük rolu olub. Holding saytında yer alan məlumatdan məlum olur ki, kompaniyaya (www.nab.com.tr) Nadir, Bəhram, Şahram və Omid Eromi qardaşları rəhbərlik edir. Bu şirkətlərin rəhbərliyində təmsil olunan Bəhram Erominin Rza Zərrabla çox yaxın qohum olduğu bildirilir. R.Zərrabın iş birliyində Şeyda Erominin adı çəkilir ki, bu şəxs də həmin ailəyə qohum olduğu söylənilir. Zərrab həmin şəxsin şərikliyi ilə Türkiyədən hotel və turizm sahəsinə 60 milyon TL-lik yatırım qoyub.
Əsas ofis isə Türkiyənin İstanbul şəhərində yerləşən holdinqin təməli 1988-ci ildə qoyulub. Hazırda Azərbaycan, Türkiyə və Tacikistanda bir sıra sektorlarda fəaliyyət göstərir. Bura avtomobil, maliyyə, xidmət sektorları daxildir. Azərbaycanda "Auto Azerbaijan" şirkəti ilə "Hyundai" ilə yanaşı "Chrysler", "Jeep", "Dodge", "Peugeot" və "Geely" markalarının distribütorudur. Pərakəndə satış sektorunda isə şirkət "Baku Electronics"lə fəaliyyətini davam etdirir. "Samsung", "Siemens", "Bosch", "Tefal", "Nintendo", "Moulinex" və "Canon" kimi tanınmış markalarla yanaşı, ümumilikdə 80-a yaxın markanın distribütoru olduğu vurğulanır. Məlumat Azərbaycanda bu markaların 50-dən artıq satış nöqtəsi yaradıldığı qeyd olunur.

Maliyyə sahəsində isə "Bank of Baku", "Qafqaz Lizinq", "Buta Sigorta" ilə Azərbaycanda təmsil olunan holdinq, restoran biznesinə da qatılıb. Bakıdakı "Sultan’s Restaurant" ve "Sultan’s Plus" fast-food şəbəkəsini qurub.

Nadir Eromi Türkiyədə çox önəmli iş adamlarından sayılır. O, Türk-İran Sanayici ve İşadamları Derneğinin (TİSİAD) rəhbəri vəzifəsini daşıyır.
Digər səhmdarlara gəlincə, "Azinvest" MMC və "Azpetrol" Neft Şirkətinin səhmlərinin bir hissəsinin Rafiq Əliyevə məxsus olduğu bəllidir. Hətta Fərhad və Rafiq Əliyev qardaşları həbs olunarkən "Azinvest" MMC-də böyük miqdarda vergidən yayınma epizodu üzrə cinayət işi açılmışdı.

"Bank of Baku" on ən iri bank arasında 7-cidir

"Bank of Baku"nun fəaliyyətinin dayandırılması maliyyə sektorunda böyük krizis yarada bilər. Çünki "Bank of Baku" 114 milyon manatlıq məcmu kapitalla ölkənin on ən böyük bankları arasında 7-ci yerdə qərarlaşıb. Bankın maliyyə hesabatına görə, kredit portfeli ötən ilin sonunda 570,9 milyon manatdan çox olub .

2013-cü ilin sonuna "Bank of Baku"nun aktivlərini 665,5 milyon manat, depozit portfeli isə 392,8 milyon manat təşkil edir. Bank ötən il fəaliyyətini mənfəətlə başa vurmağı bacarıb. Maliyyə təşkilatının xalis mənfəəti 38,5 milyon manat olmaqla öncül sırada qərarlaşıb. Belə iri bir bankın ləğvi isə maliyyə sektorunda böhran yarada, vətəndaşların bankın vətəndaşlara inamını azalda bilər. Habelə, 390 milyon manatlıq əmanətin taleyi sual altına düşə bilər. Bankın təqdim etdiyi illik depozit faizləri 11 faizdən yuxarıdır ki, bunu kifayət qədər riskli hesab edə bilərik. Çünki Mərkəzi Bankın qərarına əsasən, yalnız 10 faizə qədər aşağı olan əmanətlər Əmanətlərin Sığorta Fondu tərəfindən sığortalanır. Əgər bankın lisenziyası ləğv edilərsə, illik 10 faizdən yuxarı verilən əmanətlərin qaytarılmasında problemlər yaşana bilər. Bunu "Royal Bank"ın çökdürülməsi nümunəsində də açıq şəkildə gördük…

"Bizimyol" qəzeti
Bağla X