"Qanun" prezindentə müraciət etdi- MƏTN (FOTOLAR+ VİDEO)

Bu gün "Qanun" nəşriyyatı ona qarşı edilən haqsızlıqlarla bağlı mətbuat konfransı keçirdi. Tədbirdə tanınmış, o cümlədən gənc yazarlar, tərcüməçilər və redaktorlar iştirak ediblər.

Musavat.com-un məlumatına görə, Yazıçılar Birliyinin "Natəvan" klubunda keçirilən tədbirdə yazıçı Çingiz Abdullayev nəşriyyatla bağlı vəziyyətin çətin olduğunu bildirib. O, nəşriyyata dəstək olmağın vacibliyini qeyd edib və bunun üçün yazarların da köməyinə ehtiyac duyulduğunu vurğulayıb.

Nəşriyyatın direktoru Şahbaz Xuduoğlu nəşriyyatın vergi cəriməsindən, yazarların, tərcüməçilərin istintaqa çağırılmasında, nəşriyyatın fəaliyyətinin dayanmaq təhlükəsindən danışıb. Həmçinin bildirib ki, onlar vəziyyətdən çıxmaq üçün dövlət başçısı İlham Əliyevdən kömək istəyirlər və bu səbəbdən ona müraciət ünvanlayıblar.(14.38)

***

AzNews.az-ın məlumatına görə, bəyanatda deyilir:

Hörmətli cənab prezident! Bildiyiniz kimi, SSRİ-nin süqutundan sonra xalq təsərrüfatında, iqtisadiyyatda, sənayedə, təhsildə, mədəniyyətin müxtəlif sahələrində özünü göstərən tənəzzül ədəbiyyatdan və kitab nəşrindən də yan keçmədi. Sovet dövründə hər kənddə, qəsəbədə, rayon mərkəzlərində fəaliyyət göstərən, oxucuları daim yeni nəşrlərlə təchiz edən kitab mağazaları və kitabxanalar bazar iqtisadiyyatına keçid dövrünün çətinliklərindən irəli gələn problemlər qarşısında duruş gətirə bilmədilər. Ölkədə nəşr olunan kitabların sayı və tirajları əhəmiyyətli dərəcədə azaldı.

Bir vaxtlar ölkə oxucusuna əlli min, səksən min, yüz min, bəzən hətta iki yüz min tirajla çap olunan kitablar təqdim edən poliqrafiya sənayemiz ölkədə kitaba maraq və oxucu sayı azaldığından kitabları yüz, iki yüz, üç yüz, ən yaxşı halda beş yüz tirajla çap etməklə kifayətlənməli oldu. Ancaq müstəqilliyimiz möhkəmləndikcə həyatımızın bütün sahələrində baş verən irəliləyişlər, bu sahədə də tədricən özünü göstərməyə başladı. Xüsusilə də, Sizin sovet dövründə kiril əlifbası ilə çap olunan dünya və rus ədəbiyyatının, klassik və müasir Azərbaycan yazıçılarının əsərlərinin yenidən latın əlifbasıyla nəşr olunması, 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası"na daxil olunmuş dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin dilimizə tərcümə olunaraq çap olunmasına dair sərəncamlarınız kitab çapı sahəsinin yenidən dirçəldilməsi yolunda son dərəcə əhəmiyyətli addımlar oldu.

Lakin ölkəmiz liberal iqtisadiyyat, xalq təsərrüfatının bütün sahələrində azad rəqabəti prioritet sayan yola qədəm qoyduğundan istənilən sahəni, o cümlədən kitab nəşrini, mütaliə mühitini, oxu mədəniyyətini təkcə dövlətin səyləri ilə yüksək səviyyəyə qaldırmaq mümkün deyil. 20 ildən artıq bir müddətdə fəaliyyət göstərən Qanun Nəşrlər Evi də məhz bu zərurətdən yaranıb. Əvvəllər daha çox qanunlarla bağlı jurnalların, hüquqi ədəbiyyatın nəşri ilə məşğul olan bu nəşriyyat, son illər fəaliyyətini genişləndirərək bədii, fəlsəfi, elmi-publisistik və s. kitablar da çap edir.

Son zamanlar "Qanun" nəşriyyatının çap etdiyi dünya ədəbiyyatı nümunələri, Azərbaycan yazıçılarının əsərləri, təşkil etdiyi yarmarkalar, kitab bayramları, imza günləri sayəsində ölkədə müəyyən bir mütaliə mühiti yaranıb, müstəqil Azərbaycanımızın böyüməkdə olan gənc nəslinin nümayəndələri, artıq kitab almağa, kitab oxumağa, bir-birinə kitab hədiyyə etməyə başlayıblar. "Qanun" nəşriyyatı çox çətinliklə də olsa, ətrafına müəyyən yaradıcı heyət toplaya bilib, kitabların tirajını min ədədə çatdırmaq imkanı əldə edib.

Lakin bildiyiniz kimi, bazar iqtisadiyyatı şəraitində min, iki min, hətta beş min, on min tirajla da çap olunan kitabın ciddi gəlir gətirməsindən söhbət gedə bilməz. Nəşriyyatla əməkdaşlıq edən yazarlar, redaktorlar, orada çalışan texniki heyət yalnız az gəlirə qane olaraq, fədakarlıq sayəsində bu işi davam etdirir, onun gələcəyinə ümid bəsləyirlər.

"Qanun" nəşriyyatının yaradıcı və texniki kollektivi, onun rəhbərliyi, nəşriyyatla əməkdaşlıq edən yazarlar bu işdə Sizin və dövlətimizin köməyinə də ümid bağlayırlar. Bu məqsədlə nəşriyyatın rəhbərliyi kitab nəşri sahəsi gəlir gətirən sahəyə çevrilənə qədər onu ƏDV-dən azad etməklə bağlı Sizə müraciət də ünvanlamışdır və müsbət cavabınıza böyük ümidlər bəsləyir. Lakin Sizdən diqqət və qayğı gözlədiyimiz bir zamanda, qəflətən Vergilər Nazirliyinin 20 nəfərdən ibarət bir dəstə əməkdaşı QANUN nəşriyyatının ofisinə gələrək nəşriyyatın kompüterlərini, mühasibatlıqda olan bütün sənədləri zorla götürüb aparmışlar.

Zorla götürülmüş sənədlər və sənəd hesab edilməyən qeydlər əsasında Audit İdarəsi yoxlama apararaq nəşriyyata 150 min manat məbləğində cərimə müəyyən edən qərar çıxarmışdır. "Qanun" nəşriyyatı bu qərardan şikayət etsə də, buna məhəl qoyulmadan dərhal cinayət işi başlanmış, nəşriyyatın bütün işçiləri, nəşriyyatla əməkdaşlıq edən yazıçılar, tərcüməçilər, redaktorlar, korrektorlar, ümumilikdə yüzə qədər yaradıcı və texniki heyət cinayət təqibinə məruz qalmışdır.

Hörmətli cənab prezident! Sizin elmə, təhsilə, sənətə, ədəbiyyata, kitaba böyük dəyər verən alicənab bir şəxs olduğunuz hər kəsə bəllidir. "Qanun" nəşriyyatı, onun rəhbərliyi, yaradıcı və texniki heyəti, hətta oxucuları Vergilər Nazirliyinin hansısa məlum olmayan əsaslarla müəyyən etdiyi 150 min manatlıq cəriməni ödəmək iqtidarında deyil. Bu cəriməni ödəmək son illər kitab çapı sahəsində müəyyən kövrək uğurlar əldə etmiş bir nəşriyyatın tamamilə sıradan çıxması, onunla əməkdaşlıq edən yüzə qədər yaradıcı insanın, bir o qədər texniki işçinin işsiz qalması, ölkədə yenicə canlanmaqda olan mütaliə mühitinin boğulması, minlərlə oxucunun xəyal qırıqlığına uğraması bahasına başa gələ bilər. Odur ki, Sizdən bu ədalətsiz cərimənin, kitabdan tutulan ƏDV-nin ləğv olunmasına köməklik göstərməyinizi xahiş edirik.





AzNews.az
image description image description image description image description