“Hər şey nəzarətdədir” – Əli Həsənov

"Bəzi mətbuat orqanları yazırlar ki, Prezident Administrasiyasında qarşıdurma başlayıb, bir şöbə müdiri o birisinə qarşı kompromat aparır. Bu, əsla belə deyil".

Bu barədə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Mətbuat Şurası tərəfindən təşkil olunan "Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Ə.Həsənov bildirib ki, əlbəttə, cəmiyyətdən gələn müəyyən siqnallar var və PA-nın şöbə müdirləri və digər strukturlar bunları araşdırmalıdır. Dövlət strukturunda yerləşən məmurun vəzifəsi başqadır, həmin məmurun vəzifəsini həmin strukturun əsasnaməsi, onu vəzifəyə təyin edən və ondan hesabat istəyən adam müəyyən edir: "Biz məmur olaraq Prezident Administrasiyasında yalnız Prezidentin qoyduğu vəzifələri icra etmək üçün məmuruq. Biz bu və ya digər cərəyanlara qoşuluruqsa, artıq məmurluqdan çıxırıq. Biz hər birimiz yalnız məmur olaraq öz funksiyamızın dürüst icrasına cavabdehik. Təəssüflər olsun ki, belə qarşıdurma meyilləri də var, belə qarşıdurma meyillərini qızışdırmaq istəyənlər də var. Amma eyni zamanda, həqiqəti danmaq istəyənlər də var. Bu siqnalların içərisində bəzi həqiqət də var.

Azərbaycan insanlarının hamısının təfəkkürü, düşüncəsi, bu və ya digər məsələlərə yanaşma meyarları eyni deyil. Bəzi insanlar var ki, sabitdir, inadkardır, qətiyyətlidir, onu doğru yoldan sapdırmaq qətiyyən mümkün deyil. Bəzi insanlar var ki, onunla müvafiq söhbət aparmaqla onun fikrini dəyişmək olar, onu bu və ya digər istiqamətdə istifadə etmək olar. Bu anlamda biz dövlət olaraq bu məsələləri görürük, nəzarətdədir və idarə edirik".

Qafqaz Müsəlmanları İdarəsi tərəfindən dinlə bağlı görülən işlərə toxunan PA rəsmisi bildirib ki, QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycandakı mövcud dini modelin, yəni tarixən bizi müşayiət edən dini modelin qorunub saxlanması, yaşadılmasında ən dəyərli və ən əsas qüvvədir: "Tarix boyu Azərbaycanda dini qarşıdurma olmayıb. Əgər bizdə dini qarşıdurma olmayıbsa, insanlar öz dini ehtiyaclarını bu model çərçivəsində normal şəkildə ifadə ediblərsə və bu da bizə problem yaratmayıbsa, bunu niyə biz dəyişməliyik? Deməli, bunu dəyişməyə əsas yoxdur. Azərbaycan dövləti və QMİ bu dəyişməmək qərarında israrlıdır".

Ə.Həsənov deyib ki, QMİ-nin tərkibində çox gözəl dinamika qurulub, dini balans qorunub saxlanılır və bu model də inkişaf etdirilməlidir: "O fikir ilə razıyam ki, Azərbaycanda dini ayinləri həyata keçirən imamlarımızın, axundlarımızın, mollalarımızın səviyyəsini yüksəltməliyik. QMİ-də artıq kurslar yaradılıb və bu kurslarda nəinki molla, axund, imamlarımızın xütbələri, məscidlərdə səsləndirdikləri moizələr və digər məsələlərlə bağlı onlarla iş aparılır. Eyni zamanda biz düşünürük ki, onların dünyəvi biliklərini artıraq. Azərbaycanın tarixi, din tarixi ilə, adət-ənənələri ilə bağlı, Azərbaycan dövlətinin yürütdüyü siyasətlə, qonşularımızla, dünyada baş verən proseslərlə bağlı onların biliklərinin artırılması vacibdir. Bu məsələ də diqqətdədir və bu gün bu istiqamətdə iş gedir".

PA rəsmisinin sözlərinə görə, QMİ-nin bu istiqamətdə başladığı işi Prezident Administrasiyası dəstəkləyir və bu istiqamətdəki işlər yaxın zamanlarda öz effektini verəcək: "Dövlət qurumları da cəmiyyətdən gələn siqnallara daha həssas yanaşmalıdır. Dövlət qurumu cəmiyyətdən gələn siqnalları toplamalıdır, onları təhlil etməlidir, qənaətə gəlməlidir".

Amid
AzNews.az