Özünü qatarın altına atan tələbə ilə bağlı BDU-dan açıqlama

"Müvafiq strukturların araşdırmasından sonra məlum olub ki, Bakı Metropoliteninin "Ulduz" stansiyasında qatarın altına yıxılan gənc universitetimizin Sosial elmlər və psixologiya fakültəsinin sosiologiya ixtisasının 1-ci kurs tələbəsi Həsənov Dövran Mübariz oğludur. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun reanimasiya şöbəsinə yerləşdirilən Həsənov Dövran fakültə və tələbə yoldaşları tərəfindən sakit tələbə kimi xarakterizə olunur.

Tələbə yoldaşlarının bildirdiyinə görə, o, 2013-2014-cü tədris ilinin 1-ci semestrində bütün dərslərdə iştirak etsə də, 2-ci semestrdə (fevralın 17-dən) dərslərə gəlməyib. Dövran Həsənovun ailə problemi olub və baş vermiş hadisə də bununla bağlı ola bilər. Tələbə yoldaşları onun psixoloji problemlərinin olduğunu və psixoloq yanında müalicə aldığını da bildiriblər. Tələbə yoldaşları, universitetin prorektoru, fakültənin dekanı, dekan müavinləri və əməkdaşları bir neçə dəfə xəstəxanada onu ziyarət ediblər. Xəstə ilə intensiv əlaqə saxlanılır".

Bunu Modern.az saytına açıqlamasında Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova deyib.

Xatırladaq ki, Dövran Həsənov 5 mart 2014-cü il tarixində özünü "Ulduz" stansiyasında "Nərimanov" stansiyasından gələn qatarın altına atıb. Bu səbəbdən elektrik cərəyanı ayrılıb, qatarların fəaliyyətində fasilə yaranıb. Zərərçəkənin isə sağ qolu amputasiya olunub. Hazırda xəstəxanada olan tələbənin vəziyyəti ağırdır.

AzNews.az