22:43
(077) 610-22-33

Tanınmışlar 8 Martda qadınlara nə hədiyyə edir? – Təkliflər

  • >
4 260 8 Mart 2014 11:11 | Cəmiyyət

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Azərbaycanda bu bayram 1917-ci ildən qeyd olunur.

1977-ci ildə isə BMT 8 martı "Beynəlxalq Qadınlar Günü" kimi elan edib.

Bu gün əks cinsin nümayəndələri ətraflarındakı qadınlara diqqət, qayğı və sevgilərini nümayiş etdirir. Qadınlar gül-çiçək, müxtəlif hədiyyələr, həmçinin gözəl sözlər, şeirlərlə mükafatlandırılır. Hədiyyə insanın zövqünü və hədiyyə olunan şəxsə münasibətini ehtiva etdirir deyə, bu seçimə hamı diqqətlə yanaşır.

AzNews.az ölkənin siyasi-ictimai və mədəni həyatında tanınan şəxslərin hədiyyə "rasionu" ilə maraqlanıb:


"Hədiyyə seçərkən qadınların intellektual səviyyəsi nəzərə alınmalıdır"

Milli Məclisin vitse-spikeri Bahar Muradovanın fikrincə, 8 Martda təbrik sözləri və səmimiyyət hədiyyənin təqdim olunması zamanı əsas amildir:

""Hədiyyə seçimində nələrə diqqət lazımdır?" sualına birmənalı cavab vermək mümkün deyil. Baxır hədiyyəni kim verir və kimə verir. Əgər gənc oğlan xoşladığı və yaxud, sevdiyi qıza öz hisslərini ifadə etmək istəyəcəksə, sadə bir nərgiz çiçəyi kifayət edər. Nişanlısına hədiyyə seçən gənc isə bir yerdə ola bilmədikləri anlarda özünü xatırladan, rəmzi xarakter daşıyan bir əşyaya üstünlük verə bilər.

Əlbəttə ki, bu mərhələdəki seçimlər real formasından, növündən daha çox romantik məzmununa görə əhəmiyyət daşıyır və xanımların yaddaşında daha çox yer tutur. Ailə qurduqdan sonra isə vəziyyət bir qədər dəyişə bilər. Müşahidələrimə əsasən deyə bilərəm ki, evli kişilərin hədiyyə seçimi bir qədər çox və çətin olur. Onlar hədiyyə seçərkən daha çox xanımlarının zövqünü, duyğularını, bəzi hallarda isə konkret zaman çərçivəsindəki ehtiyaclarını nəzərə almalıdır.

Uzun müddət evli olan və övlad böyütmüş ailələrdə isə hələ də sevginin yaşadığını sübut etməyə yönəlmiş birgə ailə həyatının yaddaqalan anlarını dəyərləndirən hədiyyələr seçmək daha uğurludur. Bu zaman isə əks cinsin nümayəndəsindən daha çox həssaslıq, diqqət və yaddaş tələb olunur. Təəssüf ki, bir çox hallarda kişilərdə çatışmayan elə bu keyfiyyətlər olur. Və hədiyyədən narazı xanımlar gözləntilərini gizlətməyə, yalandan təşəkkür etməyə məcbur qalır.

Yaddan çıxarmaq lazım deyil ki, hansı növ hədiyyə seçilməsindən asılı olmayaraq, o hədiyyənin təqdim olunması, deyilən təbrik sözləri düzgün seçilməlidir. Hədiyyə seçərkən qadının yaşı, intellektual səviyyəsi və cəmiyyətdəki statusu nəzərə alınmalı olan əsas amillərdəndir. Heç unudulası mümkün olmayan isə miqdarından asılı olmayaraq güllərdir. İmkan olmayanda isə güllərin xanımın gözəlliyi yanında solğun göründüyünü xatırlatmaqla da vəziyyətdən çıxmaq olar".

"8 Mart maddiyyat yox, diqqət bayramıdır"

Millət vəkili Aydın Mirzəzadə də hədiyyə seçimi zamanı vitse-spiker Bahar Muradovanın fikirləri ilə razı olduğunu bildirdi:

"Qadınlara diqqət göstərmək hər zaman lazımdır. Dünya qadınlara görə mövcuddur. Hər kəs qadının ona çəkdiyi zəhmətin qarşılığını ödəyəcək qədər ona diqqət eləməlidir".

Yazıçı-dramaturq Firuz Mustafanın sözlərinə görə, qadın üçün ən gözəl hədiyyə güldür:

"Kimin ürəyindən nə keçirsə, kimin imkanı nəyə çatırsa ona uyğun da nəsə almaq olar. Bunlar öz yerində. Amma qadınlar üçün ən gözəl hədiyyə, məncə, güldür. Qiymətli hədiyyəni (bunu almağa gücü çatan adam) başqa bir vaxt da almaq olar. Lakin bu bayram maddiyyat yox, əsasən, diqqət bayramıdır. Elə qadınları da çox vaxt güllə müqayisə edirlər. Gül isə həmişə diqqət tələb edir..."

"525-ci" qəzetin baş redaktoru Rəşad Məcid isə hesab edir ki, 8 martda qadına ən gözəl hədiyyə ətir ola bilər:

"Ətirdən gözəl hədiyyə ola bilməz. "Shanel" , "Isl", "Dior" və s.."

İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyevin sözlərinə görə, 8 Martda qadına nə hədiyyə etsən azdır:

"8 Martda qadına nə hədiyyə etsən də, onun dəyərinə bərabər olmaz. Hətta ürək dolu sevgi hədiyyə etsən belə".

"Qadınlara maşın və ya ev bağışlamaq olar"

Tanınmış hüquqşünas Namizəd Səfərovun cavabı isə əksər qadınların ürəyindən xəbər verir:

"İlk növbədə gözəl bir gül dəstəsi. Diqqət və nəvaziş. İmkanı olanlar, maşın və ya ev də bağışlaya bilər".

Jurnalist Yeganə Əmiraslanovanın fikrincə , 8 mart qadınlar bayramında Azərbaycan qadınına sevgi dolu bir gün yaşatmaq nəyə desən dəyər:

"Sevgi dolu bir gün....365 , hər dörd ildən bir isə 366 gün olan ilin heç olmasa bircə gününü qadına 24 saat sevgi hissi yaşatmaq..."

Əməkdar artist Yaqub Zurufçu deyir ki, qadına səmimi məhəbbətdən gözəl hədiyyə ola bilməz: "Ürəkdən səmimi məhəbbət, vəssalam".


Müğənni Abbas Bağırov isə həmkarı ilə razılaşır: "Qadına diqqət, ömürlük sevgi, vəssalam".

"Kişinin qadına hədiyyəsi yalnız özüdür"

Kinorejissor, "Dərviş" prodüser Mərkəzinin rəhbəri Əli İsa Cabbarovun fikrincə, 8 Martda kişinin qadına hədiyyəsi yalnız özü ola bilər:

"Özündən başqa hədiyyə ola bilməz. İnsan sevdiyinə özünü hədiyyə etməlidir. Daha ətirlə baş aldatmamalısan". "Ən azından bu gün qadınınıza xəyanət etməyin" Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruz isə iddia edir ki, 8 Mart qadınlar bayramında qadına ən böyük hədiyyə ona bircə gün xəyanət etməməkdir: "Bu sualın cavabında sizə kitab deyib zəhlənizi tökmək istəmirəm. Eyni zamanda ətir və paltar hədiyyə edən kişilərdən də deyiləm. Qızıl almağa da imkanım çatmır. Gül də çox primitiv hədiyyədir. Klassik ədəbiyyatı mənə xatırladır. Mənə elə gəlir ki, ən yaxşı hədiyyə qadına xəyanət etməmək və gülər üzdür. Ən azından bu gün qadınınıza xəyanət etməyin".


Müğənni Nurlan Əzizbəyli isə bildirdi ki, qadına zinət əşyaları daha çox yaraşır: "Qadına çox şey hədiyyə etmək olar. Təbii ki bu büdcədən asılıdır. Məncə qadına zinət əşyaları daha çox yaraşır".

Bahar Rüstəmli
AzNews.az

Bağla X