Deputatlardan “Qanun”a dəstək: “Baş verənlərə qarşıyıq“

Nəşriyyat rəhbəri prezidentə edilən müraciətin nəticə verəcəyinə əmindir; məsələ parlamentdə qaldırılacaq

"Qanun" nəşriyyatı ətrafında gərginlik səngimir. Artıq qurumla əməkdaşlıq edən 10-dan çox yazar istintaqa çağırılıb. Bu barədə "Yeni Müsavat"a nəşriyyatın direktoru Şahbaz Xuduoğlu bildirib: "Bəzilərini başqa adla çağırırlar oraya, gedəndə bildirirlər ki, "Qanun"la bağlı çağırmışıq. Həm də bildirirlər ki, bu, istintaq sirri olduğu üçün hər hansı məlumat yaymaq olmaz. "Qanun"un özündə işləyən insanlar da istintaqa çağırılıblar, bəzisi gedib, bəzisi də gedəcək".

Ş.Xuduoğlunun sözlərinə görə, bir neçə gün əvvəl dövlət başçısına ünvanlanan müraciətə müsbət cavab veriləcəyinə əmindir: "Prezidentə yalnız biz nəşriyyat olaraq yox, həmçinin Yazıçılar İttifaqı, Yazıçılar Birliyi, ümumilikdə yaradıcı heyət müraciət edib. Hər halda, biz ümid edirik ki, buna xoş reaksiya olacaq. Gözləntilərimiz var".

Qeyd edək ki, deputatlar da "Qanun"a dəstək nümayiş etdiriblər və Milli Məclisdə problemin qaldırılacağını deyiblər.


Millət vəkili İqbal Ağazadə "Yeni Müsavat"a açıqlamasında qeyd edib ki, problemlə bağlı həm sədri olduğu Ümid Partiyası, həm də "Qarabağ" bloku bəyanat verərək baş verənləri qınayıb: "Biz nəşriyyat ətrafında baş verənlərin obyektiv araşdırılmasının və yoxlanılmasının tərəfdarıyıq. Hesab edirik ki, bu istiqamətdə hökumət üzərinə düşən vəzifəni yerinə yetirməlidir".


Millət vəkili Fazil Mustafa isə deyib ki, məsələ Milli Məclisdə qaldırılmalı və problemdən çıxış yolu axtarılmalı, səlahiyyətlilər nəşriyyatı bağlanmaqdan xilas etməlidir: "Bildirim ki, kitabların ƏDV-dən azad olma məsələsi həllini tapmalıdır. Hesab edirəm ki, bu qədər vergi yükünü kitab nəşrinin üzərinə yükləmək ən azı həmin nəşriyyatın sıradan çıxarılmasıdır. Azərbaycanda bu sahədə kifayət qədər çatışmazlıq var. Çalışmaq lazımdır ki, maarifçilik güclənsin. Biz nəşriyyatla bağlı baş verənlərə qarşıyıq. Milli Məclisdə bu məsələ ilə bağlı, hökumətin hesabatında fikirlərimizi səsləndirəcəyik".


Deputat Zahid Oruc isə vurğulayır ki, sözügedən nəşriyyatda aparılan yoxlama və ətrafında yaşananlar dəqiqliklə bəlli deyil. Onun sözlərinə görə, prosesi lokal səviyyədə, daha normal formada, qanunun və hüququn tələbləri ilə aparmaq mümkündür: "Dövlət başçısına müraciət ediblər, bunu dəyərləndirirəm. Bu, daha düzgün ünvandır".

Qeyd edək ki, dünən yazıçı Seyran Səxavət də "Qanun" nəşriyyatında olub və nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu ilə görüşüb. Daha sonra mətbuata nəşriyyatın ətrafında baş verən hadisələrlə bağlı açıqlama verən yazıçı bildirib ki, "Qanun" nəşriyyatını ölkənin ən qabaqcıl nəşriyyatlarından biri hesab edir. Nəşriyyatın 150 min manat cərimələnməsinə münasibətini bildirən S.Səxavət bunları deyib: "Nəşriyyatın cərimələnməsinə təəccüblənmədim, amma çox qəzəblə qarşıladım. Nəşriyyatı cərimə etməzlər, nəşriyyata kömək edərlər.

Azərbaycanda cərimələnəsi, cəzalanası o qədər təşkilatlar var ki... Onların hamısı cərimələnəndən sonra keçmək olar nəşriyyatlara. Biz kitaba and içirik, bundan müqəddəs nə var ki? Nəşriyyat dönər istehsal etmir, kitab istehsal edir. Dönər istehsal edənlə kitab istehsal edənə eyni gözlə baxdıqca ölkədə, cəmiyyətdə heç bir inkişafdan söz gedə bilməz. Düşünürəm ki, nəşriyyatın bu problemini elə azərbaycansayağı həll etmək lazımdır.

"Qanun" həm də mənə çox doğmadır. Burda mənim üç kitabım ("Yəhudi əlifbası" "Qaçaqaç", "Palıd toxumu") nəşr olunub, bu kitablar da ömrümün 30 ili deməkdir. Mən indiyə qədər heç vaxt prezidentdən nəsə xahiş etməmişəm. Amma indi xahiş edirəm ki, "Qanun" nəşriyyatına kömək etsin".

AzNews.az