Deputatdan Metropoliten rəhbərliyinə sərt İTTİHAMLAR

Metropolitenin yeni rəisinin keçidlərdəki ticarət obyektlərinin sökülməsi qərarına millət vəkili tərəfindən etiraz edilib.


Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü Vahid Əhmədov AzNews.az-a bildirib ki, Metropolitendə yeraltı keçidlərdə ticarət obyektlərini birdən-birə sökdürmək qərarı düzgün deyil. Deputat deyib ki, dəyişiklik naminə qəfildən belə bir addım atmaq təhlükəlidir və yolverilməzdir:

"İşə mən gəldim dəyişdim və dağıtdım tökdüm fikri ilə yanaşmaq olmaz. Belə hərəkətlər yol verilməzdir. Azərbaycanın dövlət başçısı hər zaman məmurlara deyir ki, insanlarla rəftarda müəyyən qədər ehtiyatlı olmaq lazımdır. Əgər bu, doğurdanda qeyri-qanuni idisə, nəyə görə bu günədək sahibkarlara orada ticarət işi ilə məşğul olmağa icazə verilirdi? Çünki bizdə icazəsiz heç nə etmək olmaz. Mütləq sahibkarlar haradansa icazə alıb, fəaliyyət göstərirlər".

V.Əhmədov əlavə edib ki, metropolitenin rəhbərliyi hökmən sahibkarlarla danışıqlar aparmalıdır:

"İlk öncə sahibkarlarla danışıqlar aparılmalı və onlara dəyəcək ziyana görə, müəyyən qədər kompensasiya verilməlidir. Digər tərəfdən bu iş tədricən aparılmalıdır ki, sahibkarlar öz işlərini bilsinlər. Bu işi kortəbii görmək olmaz. Ən azından ona görə ki, bu, sahibkarların maliyyə itkisinə səbəb olacaq".

Xatırladaq ki, metropolitenin yeni rəisi Zaur Hüseynovun tapşırığı ilə yeraltı keçidlərdə fəaliyyət göstərən ticarət obyektlərinin bağlanacağı bildirilir. Artıq bəzi keçidlərdə bu qadağa tətbiq edilməyə başlayıb. Məsələ ilə bağlı sahibkarlar Metropolitenin qarşısında aksiya keçiriblər.

Amid
AzNews.az