Yeni rektor təqdim olundu- FOTO

Prezident İlham Əliyevin sərəncamı ilə Gəncə Dövlət Universitetinin (GDU) rektoru vəzifəsinə təyin olunmuş Yusif Yusibov bu təhsil müəssisəsinin kollektivinə təqdim olunub.

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Mikayıl Cabbarov Yusif Yusibovu yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir son 10 ayda Gəncədə dördüncü dəfə olduğunu bildirib.

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəblər" layihəsinin əhəmiyyətinə toxunan təhsil naziri yüksək ixtisaslı müəllim hazırlığı məsələsinin qarşıda duran ən mühüm vəzifələrdən biri olduğunu söyləyib. GDU-nun rektoru Yusif Yusibov tədbir iştirakçılarını salamlayaraq, ona göstərilmiş yüksək etimadı doğrultmaq üçün bütün bilik və bacarığından istifadə edəcəyini bildirib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev yeni təyinat münasibətilə Yusif Yusibovu təbrik edərək bildirib ki, GDU zəngin ənənələri olan ali məktəbdir. Yeni rəhbərliyin kollektivə yeni ruh gətirəcəyinə əminliyini ifadə edən E.Vəliyev məcburi köçkünlərin tələbə yataqxanalarından köçürülməsinin tələbələrin tədris şəraitinin yaxşılaşmasına səbəb olacağını nəzərə çatdırıb.

Məlumat üçün qeyd edək ki, Yusif Əmiralı oğlu Yusibov Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. 1978-ci ildə kimya elmləri namizədi, 1994-cü ildə isə kimya elmləri doktoru alimlik dərəcəsi alıb. 184 elmi və tədris-metodiki əsərin müəllifi və həmmüəllifidir.

1973-1981-ci illərdə SSRİ Elmlər Akademiyasının Üzvi Kimya İnstitutunda aspirant və kiçik elmi işçi vəzifələrində çalışıb. 1981-1997-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (Akademiyasında) assistent, dosent, professor, kafedra müdiri vəzifələrində işləyib.

1997-2011-ci illərdə Bakı Dövlət Universitetinin ümumi və qeyri-üzvi kimya kafedrasının professoru olub. 2011-ci ilin fevral ayında Gəncə Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub. 2013-cü ilin dekabr ayından GDU-nun rektoru vəzifəsini icra edib.

AzNews.az