Savaşdan geri dönən muzdlular

Qonşuluqda bir müharibə veteranı var idi. Qoca və "kefqom" idi. Bütün günü mızıldayar, ailənin heç bir problemi ilə maraqlanmaz və evdən qaçmağa, daha çox çöllükdə gəzməyə can atardı.

O, İkinci Dünya Müharibəsindən salamat qayıtmış, amma hələ də ölüm xofundan xilas olmayan minlərlə döyüşçüdən biri idi. O, ölümün pəncəsindən qopmuşdu. Gözlərinin önündə idi baxışlarını ona zilləyən ölülərin son nəfəsi. İnana bilmirdi. O, yuxuda olduğunu zənn edirdi. Yavaş-yavaş yeriyirdi, pıçıltı ilə danışırdı, yuxudan oyanmaqdan qorxurdu deyə. Yavaş səslə zümzümə edirdi. Yavaş səslə. Ətrafdakılar onun qəfil yuxudan ayılacağından ondan daha çox qorxurdular. Ona görə də üstünə bir ağsaqqal adı qoyub toxunulmaz etmişdilər.

Daha sonra Qarabağ döyüşləri başladı. Döyüşdən gələnlər bu dəfə zümzümə etmirdilər, amansız idilər. Çünki döyüşüb, məğlub olub qayıtmışdılar. Vətənlərinə, qadınlarına, namuslarına, sərvətlərinə, hər şeylərinə düşmən sahib çıxmışdı. İndi zümzümə ilə deyil, nərilti ilə üz-üzəydik. Çünki məğlub qayıtmışdılar. Biz hazırda məğlub nəslin məğlub psixologiyası ilə savaşdayıq.

İndi yenə müharibə gedir. Bizdən uzaqlarda - Suriyada. İndi bu savaşda Azərbaycandan və dünyanın digər 56 ölkəsindən döyüşçülər vuruşur. Azərbaycandan və dünyanın digər 56 ölkəsindən bu döyüşə atılanları bu dəfə torpaq, vətən kimi dəyərlər vuruşdurmur. Bu dava pul davasıdır. Bəli, muzdlu döyüşçülərdir hamısı. Amma o muzdlu döyüşçülərin hələ ki meyitlərinin şəklini görürük. O muzdlu döyüşçülərin Azərbaycana qayıdacağı gün də olacaq. Bu döyüşçülərin səsi necə çıxacaq, bunu Allah bilir.

İdeologiya qurbanı olanlar həyatlarından, övladlarının canından keçməyə hazır olanlar üçün nədir dəyər? Körpənin, qadının, günahsız insanların başını kəsən və bununla qürur duyan, hətta cənnəti satın aldığını düşünən baş üçün hansı çərçivə var? Yoxdur, heç bir sərhəd yoxdur. Biz sərhədsiz, çərçivəsiz canlı bombalarla üz-üzə qalacağımız günün dəhşətini indidən yaşayırıq. Nənəm demiş – görəcəkli günlərimiz var imiş. O günlərin dəhşətindən bizi Alllah qorusun! Amin!

AzNews.az