Direktor müəllimdən rüşvət istədi - AUDİO

Laçın rayonundan olan məcburi köçkün, hazırda Ağcabədi rayonunda yaşayan müəllim Vüqar Ağayarov "Qafqazinfo"ya şikayət məktubu ünvanlayıb.

O, öz məktubunda bildirib ki, Ağcabədi ərazisində yerləşən Laçın rayon Ağgöl ümumi orta məktəbinin müəllimi işləyir və həmin məktəbdə ona təzyiqlər edilir: "Mən bu məsələlərlə bağlı əlaqədar idarə və təşkilatlara da məlumat vermişəm, təəssüf ki, məktəbin direktoru Hidayət İbrahimovun etdiyi özbaşınalıqlarla bağlı tədbir görən yoxdur. Çünki Laçın rayon təhsil şöbəsinin müdiri Malik Vəliyev onun arxasında durur, bütün qanunsuz əməllərini dəstəkləyir.

Bütün təzyiqlərdən bezərək məktəbin direktoru Hidayət İbrahimovun səsini yazmaq məcburiyyətində qaldım. Təəssüf ki, onun korrupsioner əməllərini sübut etmək üçün əlimdə başqa imkan yoxdur.

Sizə iki səs yazısı göndərirəm. Onun birincisində Hidayət İbrahimov məndən ay ərzində 82 AZN-dən artıq pul istəyir.

İkincidə isə, məktəbin iclasında pul toplanıb yuxarı instansiyalara verilməsindən danışır.

Xahiş edirəm bu səsləri yayın, bəlkə bundan sonra bu cinayətlərin qarşısının alınması ilə bağlı tədbir görsünlər.

Yoxsa mən özüm də, 4 nəfərlik ailəm də bu havalanmış cinayətkar qruplaşmanın qurbanına çevriləcək.

Məlumat üçün bir daha bildirim ki, onların cinayət əməllərinə qarşı olduğum üçün məni şərləmək və mktəbdən çıxarmaq istəyirlər. Əlaqədar təşkilatlar isə heç bir tədbir görmür".