Natiq Məmmədov: “Seçkilərə hazırlıq yekunlaşır”


"Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı hazırlıqlar 3 aya yekunlaşdırılacaq".

Bunu AzNews.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov deyib.

O bildirib ki, cari ilin yanvarından vahid seçici siyahısının tərtib olunması prosesinə başlanılıb və bu iş yekunlaşmaq mərhələsindədir: "Seçki qanunvericiliyinə görə, seçici siyahısının tərtib edilməsi ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən aparılır. Seçki Məcəlləsinin tələblərinə əsasən, məntəqə seçki komissiyaları məntəqə üzrə tərtib edilmiş seçici siyahılarını fevralın 5-dən gec olmayaraq müvafiq dairə seçki komissiyalarına təqdim etməlidirlər.

Dairə seçki komissiyaları isə müvafiq seçki dairələri üzrə ilkin seçici siyahısını aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təhvil verəcəklər. Mərkəzi Seçki Komissiyası da öz növbəsində vahid seçici siyahısını ölkə üzrə tərtib edilməsini həyata keçirəcək. Bu prosesə ən geci may ayının sonuna qədər yekun vurulacaq".

N. Məmmədov qeyd edib ki, seçici siyahısı seçkilərdə mühüm sənətdir.

Bu səbəbdən də onun mükəmməliyi ilə bağlı daim işlər aparırlır. N. Məmmədov onu da bildirib ki, seçki ilə əlaqəli normativ hüquqi aktlar bazasının zənginləşdirilməsi işinə başlanılıb: "Bu proses də yaxın zamanlarda başa çatdırılacaq. Seçkilərin bu ilin dekabrında keçirilməsi nəzərdə tutulur. Seçki məntəqələrinə əlavə veb-kameraların qurlaşdırılması da istisna edilmir. Maliyyə vəsaiti imkan verərsə, bu məsələyə də baxılacaq".

Amid
AzNews.az