Anar Əkrəm Əylislinin "Nobel"ə namizədliyindən danışdı

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Əkrəm Əylislinin 2014-cü il Nobel sülh mükafatına namizəd göstərilməyinə münasibət bildirib.

Bu haqda Kulis.Az – a danışan AYB sədrinin məsələyə cavabı qısa olub: "Bu gün mənə bu məsələylə bağlı o qədər adam müraciət edib ki... Qısa olaraq onu deyə bilərəm ki, mən bu hadisəni qeyri – ciddi hesab edirəm və buna münasibət bildirməyi lazım görmürəm".

Dünyanın bir sıra ictimai xadimləri azərbaycanlı yazıçı Əkrəm Əylislini 2014-cü il Nobel sülh mükafatına namizəd göstərib. Norveç Nobel Komitəsinə ünvanlanan müraciətdə Ə. Əylislinin "Azərbaycan və Ermənistan xalqları arasındakı düşmənçiliyin aradan qaldırılmasında mərdlik göstərdiyi" vurğulanır: "Sülh prosesi dalandan çıxa bilmir, kövrək sülh hər zaman müharibəyə çevrilə bilər. Yalnız məşhur şəxsiyyətlərin çağırışları hər iki xalqı bir-birini bağışlamağa və razılığa gəlməyə təşviq edə bilər. Cənab Əylisli bu addımı hamıdan əvvəl atacaq və düşmənə əl uzadacaq qədər mərd adamdır. Biz əminik ki, Ermənistanda da eyni şəkildə cavab verməyə hazır olan insanlar var".

2012-ci ilin dekabrında Əkrəm Əylisli "Daş yuxular" romanını nəşr edib. Romanda ermənilərə qarşı törədilən qırğınlardan bəhs olunur. Yazıçı bu romanı 2006-cı ildə yazdığını söyləyib. Roman yayıldıqdan sonra Ə. Əylisli "Azərbaycanın xalq yazıçısı" adından və fəxri təqaüddən məhrum edilib.

AzNews.az