05:52
(077) 610-22-33

İlham Əliyev bir sıra görüşlər keçirdi

  • >
589 12 Mart 2014 15:59 | Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də İran İslam Respublikasının xarici işlər nazirinin müavini, Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpurun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İbrahim Rəhimpur İran İslam Respublikasının Prezidenti Ayətullah Həsən Ruhaninin qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini Prezident İlham Əliyevə çatdırıb. İbrahim Rəhimpur İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulduğu bir gündə ölkəmizə səfərindən və Prezident İlham Əliyev ilə görüşündən məmnunluğunu ifadə edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Ayətullah Həsən Ruhani ilə Davosda görüşünü məmnunluqla xatırladıb. Dövlətimizin başçısı prezidentlərin görüşünün ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına yeni təkan verdiyini vurğulayıb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Prezident Ayətullah Həsən Ruhaninin Novruz bayramı münasibətilə təbriklərinə görə minnətdarlığını bildirdi, onun da təbriklərini İran Prezidentinə çatdırmağı xahiş edib.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Çex Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonkanın etimadnaməsini qəbul edib.

Səfir Vitezslav Pivonka fəxri qarovul dəstəsinin qarşısından keçib.

Vitezslav Pivonka etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Səfir Çex Respublikasının Prezidenti Miloş Zemanın salamlarını dövlətimizin başçısına çatdırıb. O, ölkəsinin Prezidentinin Azərbaycanın dövlət başçısı ilə bu yaxınlarda Soçidə görüşünü böyük məmnunluq hissi ilə xatırladığını vurğulayıb. Vitezslav Pivonka Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında iqtisadi, enerji, təhsil və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Dövlətimizin başçısı Azərbaycan ilə Çexiya arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Çex Respublikasının Prezidenti Miloş Zemanla görüşünü xatırlayan Prezident İlham Əliyev əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli görüşlərin önəmini qeyd edib.

Dövlətimizin başçısı Prezident Miloş Zemanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Çex Respublikasının dövlət başçısına çatdırmağı xahiş edib.

AzNews.az
Bağla X