Zaur, Elgiz, Xoşqədəm

Bir neçə il öncə xırda məmurları ANS-lə hədələyirdilərsə, indi Zaur, Elgiz və Xoşqədəmlə hədələyirlər. Dəfələrlə şahidi olmuşam… ailə-məişət zəminində haqqı tapdanan qadınlar, qocalar və uşaqlar onların adını çəkir, yaxın qohumları efirə çıxmaqla qorxuzurlar.

Əsrin əvvəlində İmam Rzaya məktub yazan Məmmədhəsən əmi daha ağıllı görünür.

Yəni vəziyyət o qədər acınacaqlıdır.

O əsrin əvvəlində məzlumları İmam Rzaya möhtac qoyan "fələk", bu əsrin əvvəlində Zaura, Elgizə və Xoşqədəmə yalvarçı salıb.

Və biz bu insanlarla nəsə etmək istəyirik!

Əslində, hər üç aparıcının verilişi efirimizin ən səmimi verilişləridir. Olanımız budur! Dərdlərimiz belə miskin, problemlərimiz belə xırda, qafamız belə bulanıqdır. Əgər başımıza Zaur, Elgiz və Xoşqədəmin verilişlərinə çıxacaq "səviyyədə" hadisə gəlməyibsə, yaxud problemimizi hamıya bildirməkdən utanırıqsa bu ümummilli prosesdə tamaşaçı kimi iştirak edirik.

Bu verilişlərin reytinqi statistik azərbaycanlının nə qədər məişətçi olduğunu aydınca göstərir.

Zaurla bağlı son qalmaqala baxaq...

Elin çobanı qadınından şübhələnir və evə gizli kamera qoyur. Bir gün xəyanətkar yaxalanır və çoban bu intim hadisəni Zaurla bölüşməyi qərar alır. Böyük nailiyyətdir! İnsanların bu qədər inamını qazanmaq hər kəsə nəsib olmur. Tam ciddi deyirəm.

Bu yazını qələmə alanda həmin çobanın vətənindən, yəni Ağcabədidən olan bir dostum Rusiyadan mənə yazdı ki, xalam qızını bir narkoman zorla qaçırıb. Qız imkan tapıb qohumlarına zəng edib ki, məni bu vəhşinin əlindən xilas edin. Ancaq oğlan daha dəhşətli bəyanat verib: "Özünüzü yığışdırın! Yoxsa qızı da, özümü də öldürəcəm!"

Dedim, ey uzaqlarda yaşayan kədərli dost, bəs nədən polis telefon danışığı ilə bu binəva qızın yerini təsbit etmir?

Məlum oldu ki, bura yazmaq istəmədiyim səbəblərdən dostum da, qızın digər qohumları da polisə güvənmir. İş o yerə qalıb ki, mən mətbuatda hay-küy salıb bir insanın həyatını xilas etməliyəm.

Dedim, məni məzur tut, bir problemi ki, yazıyla həll etmək istəyirsən, deməli, iş bitmişdir!

Amma daha sonra dostuma ciddi, həm də çox ciddi bir tövsiyə də verdim:

"Zaurdan kömək istəyin!"

lent.az