“Yeraltı keçidlərdəki ticarət mərkəzləri də bağlanacaq“- Müsahibə

Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Fuad Tağızadənin APA-ya müsahibəsini təqdim edirik:

- Bakı Metropoliteninin stansiyalarında fəaliyyət göstərən ticarət köşklərinin sahiblərinə ərazini boşaltmaq üçün martın 27-dək vaxt verilib. "20 Yanvar" və "Koroğlu" stansiyalarında yeraltı keçidlərdə faktiki böyük ticarət mərkəzləri yaranıb. Həmin ticarət mərkəzlərinin taleyi necə olacaq?

- Metro keçidlərindəki ticarət köşkləri birmənalı olaraq yığışdırılacaq.

- "28 May" metro stansiyasındakı yeraltı keçiddəki ticarət mərkəzi də?

- Həmin ticarət köşkləri də yığışdırılacaq. Metro sərnişindaşıma üçündür, ticarət üçün deyil. Tələb də budur ki, belə xaos olmasın.

- "28 May" metro stansiyasındakı yeraltı keçid bir zaman Bakı Şəhər İcra Hakimiyyəti ilə Bakı Metropoliteni arasında mübahisə mövzusu idi, bir dəfə bağlandı, sonra müasirləşdirildiyi bildirilərək açıldı. "28 May" metro stansiyasındakı yeraltı keçidin faktiki böyük ticarət mərkəzinə çevrildiyi hansısa formada nəzərə alınacaqmı?

- Həmin yerin bağlanıb-açılmağı ilə bağlı məqamları bilmirəm. Rekonstruksiyadan sonra "28 May" metro stansiyasında heç bir ticarət köşkü olmayacaq. Metro stansiyalarının giriş və çıxışlarında müəyyən avtomatik cihazlar vasitəsilə servis xidmətləri göstərilə bilər. Qalan ticarət köşkləri olmayacaq. Günün tələbi belədir ki, ticarət köşkləri olmamalıdır.

- Həmin ticarət köşkləri nə vaxtdan yığışdırılacaq?

- Novruz Bayramdan sonra metro keçidlərindəki ticarət köşklərinin hamısı mərhələ-mərhələ yığışdırılacaq. Bayram ərəfəsində heç kimi narahat etmək istəmirik. Bayram günlərindən sonra ticarət köşklərinin yığışdırılmasına başlanacaq. Əvvəl stansiyaların içərisi, kassa zalları və digərləri açılmalıdır. Sonra da mərhələ-mərhələ keçidlər açılacaq. Xəbərdarlıq edilib, bilirlər. Gələcəkdə, 3-5 ilə nə olar, bəlkə fərqli şeylər ola bilər, bu, fərqli məsələdir. Hazırda metroda ticarət köşklərinə icazə verilmir, o yerləri boşaltmalıyıq.

- Ticarət köşklərində çalışan şəxslərlə bağlanan icarə müqavilələrinin vaxtı bitib?

- Bəli. Müqavilələr fevral ayı üçün bağlanmışdı.

- Həmin yerlərdən necə istifadə ediləcək?

- Əvvəlcə ticarəti yığışdıraq, sonra xidməti otaqlardan necə istifadə etməyi müəyyənləşdirəcəyik.

- Bəs niyə indiyədək metro stansiyalarında, yeraltı keçidlərdə ticarət köşkləri olub? Bu, nə ilə əlaqədar olub?

- 1988-1989-cu illərdə Moskva, Leninqrad və digər şəhərlərdəki metro stansiyalarında ticarət köşkləri qoyulmağa başlanmışdı, ilk rüşeymlər yaranmışdı. İndi bəziləri bunu sivil formada təşkil edib, Bakı Metropolitenində isə xaos vəziyyəti yaranıb. Pilləkənlərin üzərində ticarətlə məşğul olmaq olmaz. Sərnişin rahat keçməlidir. İlk növbədə mədəni xidməti yüksəltməli, sərnişinə komfort yaratmalıyıq. Bu nöqteyi-nəzərdən də ticarət köşkləri yığışdırılır.

- Bəzi mətbuat orqanları yazır ki, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov metropolitendə çalışan insanların sosial durumlarının yaxşılaşdırılması üçün bu ticarət köşklərinin qoyulmasına və onlardan istifadəyə şərait yaradıb. Yəni bu ticarət köşklərindən əsasən Bakı Metropolitenində çalışan insanların ailə üzvləri və yaxınları yararlanıb...

- Bu, 5-3 ilin işi deyil. 1988-1989-cu illərdən metro stansiyalarında bunun rüşeymi yaranıb. Bu, şəxsiyyət məsələsi deyil. Vəziyyət son nəticədə belə xoşagəlməz hala gəlib çıxıb.

AzNews.az